Qaynarinfo gənc şair, musiqiçi, kimyaçı Əsmər İlqariylə müsahibəni təqdim edir.
- Əsmər, sizi tanımayanlara necə təqdim edək?
- Mən şeirdə fəlsəfə otaran çobanam. Böyüyəndə kimyagər olacağam.
- Eyni zamanda xaricdə təhsil alan tələbəsiniz. Bundan danışaq bir az.
- Danışaq... Bakı Mühəndislik Universiteti məzunuyam. Hazırda İstanbulda yaşayıram. İstanbul Universiteti - Cərrahpaşa Mühəndislik Fakültəsində Orqanik Kimya üzrə təhsilimi davam etdirirəm. Doktorantura təhsilimi də eyni sahə üzrə davam etdirəcəyəm. Eyni zamanda, ikinci bakalavr təhsili olaraq da fəlsəfəni seçmişəm.
- İlk şeir kitabınız da çıxıb. Hamısı fəlsəfə otaran çobanın şeirlərdir, yoxsa necə? Ümumiyyətlə, niyə şeirdə fəlsəfə?
- Hamısı deməzdim... Çobanın da arada başı eşqə-məşqə qarışdığı olub axı... Ümumiyyətlə, oxucu kimi qiymətləndirsəm, oxuduğum sətir elə oxuduğumdan ibarətdirsə, yüngülvari əsəbiləşirəm. İstəyirəm ki, məni düşündürsün, beynimi qurcalasın.
- Şeir daha çox hiss, duyğu, an məsələsidir. Şeir haqqında ən çox bu sözlər deyilir. Deyirsiz, konkret olaraq fəlsəfədir? Yoxsa fəlsəfəni sevdiyinizə görə? Və ümumən şeir sizin üçün nədir?
- Düzdür, düşünərək yazmıram, ani gəlir. Şeirlər fəlsəfi yazılmalıdır demirəm, fəlsəfəsi olmayan şeiri sevmədiyimdən dəm vururam. Tanıyanlar bilir, çox da elə dinib-danışan deyiləm. Şeir mənim ünsiyyət vasitəmdir.
- Kitabınızın adı "Xatirəstanlıq”dır. Ad amma fəlsəfi nəsə demir. Sentimental, göründüyü qədər xatirələrdən ibarət sətirlər toplusu...
- Bəlkə də elədir, bəlkə də söz icadı etməyə çalışmışam... ya da bəlkə də oxucunun xatirələrin ölü, yoxsa diri məfhum olub-olmadığını düşünməsini istəmişəm... hər şey ola bilər.
- Bu, ilk kitabınızdır. Bəzən olur ki, gənc yaşda, xüsusi ilə də qadınlar bir-iki kitab çıxardır, sadəcə yazdıqları itməsin deyə. Sonra arxası gəlmir. Siz necə düşünürsüz, iddianız var? Yeni bir şairi qarşılayırıqmı?
- Şairlik iddiasında deyiləm...
- Ötəri həvəs deyək onda bu şeir sevdanıza?
- Ömürlük həvəs deyək.
- Kitabınız Türkiyədə çıxdı, ya Azərbaycanda?
- Azərbaycanda. Türkiyədə bir neçə nəşriyyatla maraqlandıq, Türk Yayınevi ilə danışıqlar əsasında məlum oldu ki, nəşriyyatın Bakı filialı da mövcuddur. İlk addım olaraq eyni nəşriyyatın Bakı filialında kitab çapa verildi. Yaxın gələcəkdə İstanbul filialında da çap etdirmək haqqında danışıqlar aparılır.
- Şairlər, yaradıcı təbiətdə olan adamlar adətən humanitar sahələri seçir. Siz isə kimyaçısınız. Dəqiq elmlə, şair hissləri yola gedə bilir? Birdən məhlul düzəldən yerdə şeir gələr, əl çəkərsiz, partlayış olar...
- (gülür) Bir az çətin olur. Bir də görürsən ki, təbiət, ab-hava, fəsil - hər şey uyğundur sənə, göz-qaş edir ki, gedək şeir yazaq. Ədəb-ərkanla o moda girmək istəyəndə kimyaçı xanım sənə elə məntiqli səbəb-nəticə məruzəsi verir ki, sınır qol-qanadın yanına düşür. Gedib, həyati hesab etdiyimiz işlərlə məşğul olursan.
- Əsmər, siz həm də musiqi ilə də məşğul olursunuz. Bu sahədə də uğurlarınız var. Hansı alətlərdə ifa edirsiniz, hansı naliyyətləriniz var?
- Professional şəkildə klassik və akustik gitarda və bateridə ifa edə bilirəm. 2 il gitar müəllimliyi etmişəm. Bundan başqa, özümə yetəcək qədər skripka, ney, kalimbada ifa etməyi öyrənmişəm. Sırada türk sazı və ud var, amma nə vaxt, hansı arada, onu hələ bilmirəm.
- Hazırda da məşğulsunuz musiqi ilə?
- Xeyr. Bir dövr idi, oldu getdi. İstəmirəm.
- Gələcək üçündə? Musiqidən Beyxənlxaq sertifikatlarıniz belə var. Bəlkə, ən çox uğur elə burada olacaq?
- İnsan övladı belədir də... bəzən işarətləri heçə saya bilirik. Səhv edirik bəlkə də, belə-belə öyrənilir də həyat. Hələ nə yaşamışıq ki?!
- Son olaraq müsahibəni oxuyanlara nə demək istəyərdiz? Sizi ifadə edəcək cümlə də ola bilər. Həm musiqiçi, həm kimyaçı, həm də şair kimi.
- "Give me first six mounth of love" - bu mahnını çox sevirəm. Ümid edirəm, ömür boyu sevginin ilk altı ayı dadında yaşayarıq...
Orxan Saffari