Xəbər lenti

Bu sahələrə ayrılan xərclər 3.2 dəfə artıb, amma fəaliyyət görülmür - ŞƏRH
Ölkə07:54 24.10.2016

Bu sahələrə ayrılan xərclər 3.2 dəfə artıb, amma fəaliyyət görülmür - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Büdcədən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsinə ayrılan xərclər 3,2 dəfə çox olub. Buna baxmayaraq Azərbaycan izləyiciləri maraqlı filmlərə və tamaşalara həsrət qalıb".

Qaynarinfo.Az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu deyib:

"Bu ilin ilk 8 ayında dövlət büdcəsinin xərclərinin təhlili zamanı maraqlı tapıntılar vardır. Onlardan biri də 2016-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər sahədə fəaliyyət üçün ayrılan vəsaitin 3,2 dəfə çox olmasıdır. Belə ki, əgər ötən ilin ilk 8 ayında bu məqsədlər üçün 155,5 milyon manat xərclənmişdirsə, bu ilin müvafiq dövründə xərcləmələr 491,8 milyon manat olub. Bu isə həmin dövr ərzində səhiyyəyə yönəldilən 93,5 milyon manat çoxdur. Dünyanın səhiyyə sistemi dövlətdən maliyyələşən heç bir ölkəsində belə təzadla rast gəlinmir ki, büdcədən mədəniyyətə və bədən tərbiyəsinə ayrılan xərclər səhiyyə xərclərindən çox olsun. Biz də bunun nədən baş verməsinin bir səbəb var, o da aydındır. Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışları keçirib. Elə ona görə də il üçün bütövlükdə bədən tərbiyəsi, gənclər siyasəti və turizm bölməsinin maliyyələşdirilməsinə proqnozlaşdırılan 438,4 milyon manat vəsaitin 92 faizi və ya 403,2 milyon manatı beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönəldilib". 

Ekspert qeyd edib ki, 2016-cı il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə büdcədən 738,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur:"Yekun olaraq bildirmək istərdim ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin artırılmasının mədəniyyətin və incəsənətin inkişafına töhfəsi yoxdur. Neçə illərdir ki, Azərbaycan izləyiciləri Cavad Xan filmindən başqa yeni və maraqlı filmlərə və tamaşalara həsrət qalıb".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az