"Ümid edirəm ki, bu vahid formadan həm valideynlər, həm məktəb rəhbərliyi razı qalacaq və digər neqativ hallara yol açan problemlər öz həllini tapacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi ilə bağlı qərarı şərh edərkən deyib.
O bildirib ki, 2020-2021-ci il üçün Milli Məclisdə məktəblərin vahid sistemə keçidi ilə bağlı qərar qəbul olunub:
"Əvvəllər Təhsil Nazirliyi məktəblərə sərbəstlik vermişdi. Hər bir məktəb özünəuyğun tikiş fabriki seçib və formanı müəyyənləşdirmişdi. Hər məktəbin özünün vahid forması vardı. Sonradan Milli Məclisdə qanun müzakirə olunan vaxtı belə bir təşəbbüs irəli sürüldü ki, respublika üzrə vahid sistemə keçirilsin. Çünki bu da müəyyən narazılıqlara, danışıqlara, korrupsiyaya yol açan hallara gətirib çıxarmışdı. Yəni, məktəb direkorları özünün müəyyən elədiyi vahid formanı tikiş fabriklərinə təklif edirdi və bunun qarşılığında fabrik rəhbərliyindən nələrsə umurdular. Bu problem Təhsil Nazirliyində narahatlıq yaratmışdı. Ona görə də Milli Məclisdə Ümumtəhsil məktəbləri Haqqında qanunun müzakirəsi zamanı bir təşəbbüslə çıxış elədilər ki, respublika üzrə vahid məktəbli formasına keçirilsin. Bu da Təhsil Nazirliyinə tövsiyə olundu və bildirildi ki, ictimai rəy öyrənilsin. 2021-ci il yanvarın 31-nə kimi bu rəylər öyrənildi”.
Məzahir Məmmədli hesab edir ki, qanunun icrasının keçikməsinə səbəb pandemiya olub.
Qeyd edək ki, Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara görə, Azərbaycanda "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib. Bu qərar 2022-2023-cü tədris ilindən tətbiq ediləcək.
Bahar Rüstəmli