Xəbər lenti

Bu virus körpələri öldürə bilər - EHTİYATLI OLUN
Ölkə13:24 28.09.2013

Bu virus körpələri öldürə bilər - EHTİYATLI OLUN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Viruslar çox ağır xəstəliklərə səbəb olur.

Bu xəstəliklərlə insanların mübarizəsi də uzunmüddətli olur. Əksər viruslar insanı daxilən çökdürsə də, bir sıra viruslar aşkar daxilə vurur. Belə olan halda üzdə, gözdə, əldə, ayaqda bir sıra ləkələr, yaralar əmələ gəlir.

Dəhşətlisi budur ki, bu viruslardan bir çoxu insandan-insana çox rahatlıqla keçir. Bu da insanlar arasında xəstəliklərə qarşlı xofu bir az da artırır. Belə keçici, eyni zamanda insanlar tərəfindən də narahatlıqla qarşılanan viruslardan biri herpes virusudur. Virus insan orqanizminə kök saldıqdan sonra ağızda, burun ətrafında, göz kənarlarında suluqlu yaralar əmələ gətirir ki, bu yaralara da uçuq deyilir.

   Həkim dermatoloq Sahib Rzayevin sözlərinə görə, herpesdən sığortalanan insan yoxdur. Herpes xəstəliyi viruslar tərəfindən törədilən xəstəlikdir. Növünə görə, herpes 2 cür olur. Bunlardan birincisi sadə herpes virusu 1-dir. Digəri isə sadə herpes virusu 2-dir. Bu viruslar insan orqanizminin müxtəlif sahələrində xəstəlik yaratmaq qabiliyyətinə malikdir. Herpes dedikdə ağıla ilk dodaq-ətrafı yaralanmalar gəlir, amma herpes təkcə dodaq üçün xarakterik bir xəstəlik deyil. Göz ətrafındakı, yeni doğulan körpələrdə olan səpkilər, idmanla məşğul olan insanların üz və boyun nahiyəsində yaranan səpkilər də herpesdir: "Virusun ən pis cəhəti odur ki, herpes virusu insandan-insana keçir. Sağlam insanla xəstə birisi təmasda olduğu zaman sağlam insanın da bu virusa yoluxması mümkündür".

Həmsöhbətimizin dediyinə görə, herpesin müalicəsi mümkündür. "Uzunmüddətli və üzücü müalicə deyil. Herpesin yayılma dərəcəsindən, hansı nahiyədə yayılmasından və ağırlığından asılı olaraq müalicə müddəti dəyişə bilər". 


Sinir hüceyrələrinə yerləşən virus insanda uçuq formasında daxilə çıxır. Üz, boyun, dodaq, göz ətrafında yaranmağa meylli olan herpes immun sistemi zəif olduqda da yarana bilir. İnsanların yarısından çoxu, təqribən 80-85% həyatı boyu bir dəfə də olsun bu virusa yoluxmuş olur. Virus artıq bədənə yerləşibsə ilk 24 saat ərzində herpes çıxacaq hissədə qaşınma, qızarma müşahidə olunur. Dəri şişdikcə içində maye toplanır. Qabarcıqların partlamasından sonra həmin hissə yara kimi olur və qabıqlanır. Dermatoloq bildirir ki, herpesin insandan insana sağalma müddəti dəyişir. Bədənin bu virusa qarşı zəifləməsinin bir çox səbəbləri var ki, bunlardan biri də stressdir. Bundan əlavə soyuqdəymə, qrip, həyəcanlanmaq, yorğunluq, yuxusuzluq, digər infeksiyon xəstəliklərə yoluxma da bədəni bu virusa qarşı həssaslaşdırır: "Herpes o halda müalicə olunmur ki, qısa müddətli olur, yayılmır, tez sağalır və həddindən artıq ağrı, narahatlıq vermir. Əgər bədənin müxtəlif nahiyyələrindən herpesin səbəb olduğu uçuqlar çıxırsa, biri sağalmadan digəri yaranırsa, şəbəkə formasında yayılırsa, körpələrdə, ümumiyyətlə 5 yaşından aşağı uşaqlarda yaranırsa, baş ağrısı, qızdırma, əzələ ağrıları kimi ağrılar verirsə, uçuqların içi sarı maye ilə dolursa həkimə müraciət etmək ən doğru yoldur. Xüsusən körpələrin bu viruslarından qorunması vacibdir. Böyüklər üçün adi uçuq sayilan viruslar körpələr üçün həyati təhlükə daşıyır. Yeni doğulmuşlar arasında herpesə yoluxanların 40%-i ölür, qalanlarda isə baş beyin zədəsi yaranır".

 Əvvəllər uçuq çıxacaq hissə qızaran kimi həmin hissəni spirtlə silirdilər ki, viruslar daha da baş qaldırmasın. Elə indi də bu cür üsul işə yarayır. İndi herpesə qarşı mazlar var. O mazlar tətbiq olunandan sonra maz birbaşa virusa təsir edir və uçuqlamaların qarşısı alınır. Bu cür mazlar eyni zamanda dərinin zədələnməməsinə də kömək edir. Ailədə bu virusdan əziyyət çəkən insanlar varsa, onların əl-üz dəsmallarını ayırmaq lazımdır. İstifadə etdikləri qab, stəkan və bu kimi əşyaları ayırmaq evdəki digər insanları da virusa yoluxmaqdan qoruyar. "Uçuğa toxunulmamalıdır. Toxunulsa əllər çox yaxşı yuyulmalıdır. Qadınlar makiyaj edərkən diqqətli olmalıdırlar. Uçuğa dəyən hər hansı bir makiyaj alətini göz və göz kənarlarına vurmamalıdırlar. Xüsusilə körpələr, uşaqlar və digər insanlar öpülməməlidir. Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, çəngəl, qaşıq və s. əşyalar ayrılmalı və başqalarının istifadə etməsinə icazə verilməməlidir. Uçuq və uçuq yarasının qabığı ilə oynanılmamalıdır".

S.Rzayev qeyd edir ki, uçuğu tamamilə müalicə edib bir daha çıxmamasını təmin edəcək heç bir müalicə metodu yoxdur. Bütün müalicələrin məqsədi xəstə narahatlığının tez keçməsini təmin etmək və uçuğun təkrar çıxma riskini azaltmaqdır. Normalda adi uçuqlar ən gec 2 həftəyə qədər sağalıb yox olar. Lakin təsirli müalicə üsulları ilə də bu müddəti azaltmaq mümkündür. İstifadə olunacaq uçuq kremlərinə gəlincə, kremi ilk hiss olunan ərəfədə vurmaq daha effektli olur, nəinki üstündən həftələr keçdikdən sonra. Tez vurulan krem uçuğun üzə çıxmadan yox olmasına səbəb olar. Əgər uçuq üzərinə bakteriyalar da yerləşir və yara daha da ağırlaşırsa, bu zaman antibiotik mazlardan da istifadə etmək mümkündür: "Herpes virusu orqanizmdə ömür boyu yaşayır, əsasən sinir sistemində olur və özünü heç nə ilə büruzə vermir. Buna görə də xəstələr çox vaxt öz yaxınlarını yoluxdururlar. Herpes immun sisteminə dağıdıcı təsir göstərir, xəstəliyi çoxsaylı təkrarlanması immun çatışmazlığı vəziyyətinə gətirir çıxardır. Adi herpes virusu hamiləlik və doğuş patologiyasının inkişafına - qəfil abortlara və dölün bətndaxili ölümünə gətirir. Buna görə, çox diqqətli olmaq lazımdır". //Ekspress.az