
Zabil MÜQABİLOĞLU
ANS-in “Baş Xəbər” proqramında qonaq olan jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayev ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda Facebook inqilabı üçün 2 milyon dollar ayırması barədə yazdıqlarını əsaslandırmağa çalışdı. Eynullanın ANS-də görünməsinin xeyli qəribə olması ilə yanaşı, proqramda əsas diqqətçəkən məqamlardan biri də aparıcısı Qənirə Ataşovanın Eynulla Fətullayevə müraciəti idi. Eynulla etmədiyi əmələ görə həbsdə yatarkən onun haqqında “Bədbəxt adam” filmini çəkən ANS-in (filmi aparıcı çəkməyib) aparıcısı Fətullayevə xoş gəldin elədikdən sonra ona müraciətlə Eynullanın vaxtilə ANS-də çalışdığını xatırladaraq indi yenidən öz evində olduğunu söylədi. Hər halda ANS-in efirində bu maraqlı mənzərə idi.
Həm də istər-istəməz adamda belə fikir yaradırdı ki, adamlar bir-birini necə də gözəl tanıyırmış…
Proqram boyunca Eynulla Fətullayev yazdıqlarını bir daha təsdiqləməyə çalışdı və buna hər kəsin hansı prizmadan yanaşması öz işidi. Eynulla haqlı da ola bilər, haqsız da. Ortada bir yazı var. Adam yazdıqlarından imtina edə bilməz və mən onun yazdıqlarını yalana, ya doğruya çıxarmaq kimi bir niyyətə düşməkdən uzağam.
Amma əsgər ölümlərinin niyə bu qədər ajiotaj doğurmasının səbəbini başa düşmək sənə aydın deyilsə, mən deyim. Bunu anlamaq üçün təkcə 18 il oğul böyüdüb, hər gün saçını sığallayıb, onun dili ilə danışıb, hər gün bir az da böyüdüyünə sevinib, hər əziyyətə dözüb övlad yetişdirib vətəni qorumaq üçün valideyn xeyir-duası ilə sağ-salamat orduya yola salıb, sonra da vətənə qənim kəsilənlərin öldürdüyü övladının tabutunu qəbul etmək yox, həm də özünü o valideynlərin yerində görmək, "bir yar köksünə baş koymamış” bu dünyadan köçən gənclərimizi göz önünə gətirmək lazımdır.
Amma bizdə lazım sözü indi başqa assosiasiya doğurur. Bəlkə, ona görə də artıq düşmənin yox, özümüzün öldürdüyümüz əsgərlərə görə hayqırtılar, təəccüblü görünür.
Bunların hamısının cavabı var və zamanı gələndə yəqin ki, tapılacaq.
Amma nə baş verir ki, döyüş alnına yazılan kanalda döyüş olmayan şəraitdə alnından, köksündən vurulan əsgərlərimizlə bağlı məsələnin müzakirəsi çox yaxın keçmişdə ”Bədbəxt adam” kimi təqdim edilən şəxslə ANS-in ”Baş xəbəri”nə çevrilir.
Axı bundan öncə baş verənlər, həbs, Eynullanın haqsız həbsinə etiraz edənlərin filmi lənətləməsi də elə də uzaq tarixdə yox, ANS-in məşhur verilişinin adı kimi Azərbaycanın “Ən yeni tarix”ndə baş verib.
Budurmu "Ən yeni tarix"iniz, “Bədbəxt adam”ınız, “Baş xəbər”iniz?
Hər halda bu “Çevrilmə”nin müəllifi Frans Kafka deyil.
Əhsən, müəllifinizə!!!