- Salam. Mənim telefon nömrəmə köçürülən 60 qəpik hara yoxa çıxıb? - Nömrənizi deyin zəhmət olmazsa. - Filan-filan nömrə. - Siz o nömrədən müraciət edin bizə. - Mən sizə nömrəni dedim axı?! - Bakcell Müştəri Xidmətlərinə yaxınlaşın. - Müştəri xidmətlərinə yaxınlaşacaqdımsa, sizi neyləyirdim?! - Biz sizə kömək edə bilməyəcəyik. - Mən məsələnin hüquqi müstəvidə həllini tapması üçün əlimdən gələni edəcəm. - Buyurun.
Başımızdan aşan dərdlərimiz dənizi gizlədən divarları aşa bilmir, qalmışdı ki, Bakcellin hansısa işçisini "aşırtsın". Mən şəxsən özümü bu vətənin vətəndaşı yox, ayaq altda qalan ayaq tozu hesab edirəm. Məni düz başa düşün. Nə vətənimə “kənardan atılan daş”am, nə də, öz vətənimdə “daş” ola bilərəm. Bir də, bu vətən daşlarını yol qıraqlarında köhnəkürüş binları ört-basdır etmək üçün üst-üstə qoymağın nə adı var? Bunu etməkdənsə o daşlardan “çoxillik, aşağı faizli sadələşdirilmiş ipoteka” muştuluğu gözləyən gənclərə evlər tikmək olmazdımı? And olsun 9 may qələbəsindən bir gün əvvəl (yəni 8 may 1992-ci ildə) canını vətənin daşına tapşıran, bircə dəfə də olsun qızla öpüşməyən 18 yaşlı şəhidlərimizə ki, olardı. Olsa, nə olacaq? - “Bu ölkəni tərk etməyin#” yalvarışları müharibə aktiv fazaya keçərsə, bir gəncin öz evinin mətbəxi uğrunda ölüm-dirim savaşına atılması ilə əvəzlənəcək. Çünki nə vaxtsa o mətbəxdə bir xanım, o gəncin qəlbinə yol tapmaq üçün dadlı yeməklər bişirməlidir. Zorla yox, özxoşuna. Aytacı deyirəm. Onun öldürüldüyü bir vaxtda, bəlkə də, Avropanın neçə-neçə kitabxanalarından neçə-neçə gənc oğlanlar belini tutub çıxırdı. Oturub kitab oxumaqdan belləri əyilmişdi yazıqların. Aytac öldürülməmişdən əvvəl və öldürüləndən sonra da, bizim gənclik dalı bir qarış olan şalvarını çəkə-çəkə avaralanırdı şəhərdə. Yenə də avaralanır. Bizim gənclik evsizlik haqda düşünür. Bizim gənclik kirayə haqqını ödəməyən tələbə təqaüdlərinin əsiridir. Bizim gənclik işsizlikdən “təkərdəyəm nöqtə mən” söhbət çatlarında vaxt öldürür. Həm də bizim ümidsiz gənclik bilir ki, Bakcelli məhkəməyə vermək lazım deyil. Mən də, Bakcelldən şikayət etməyəcəm. Faydalı işlə məşqul olmaq lazımdır.