
“I Avropa Oyunları Azərbaycanın imici üçün böyük dəstək olacaq”.
Bu sözləri AzNews.az-a “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu, bu yaxınlarda krüdit fırıldağına görə saxlanılan iş adamı Nizami Piriyev deyib.
Onun sözlərinə görə, bütün dünyada idman sahəsində müxtəlif oyunlar keçirilir: “Və təbii ki, hər bir ölkə istəyir ki, belə mötəbər yarışlar onun ölkəsində olsun. Yəqin bunu ona görə edirlər ki, həmin ölkələr daha da yaxşı tanınsın. İkincisi, belə tədbirlərdən sonra ölkədəki insanların, xüsusilə də gənc nəslin dünyagörüşü dəyişir. Ücüncüsü, ölkəyə gələn qonaqlar ölkəni daxildən tanımağa başlayırlar. Zənnimcə, I Avropa Oyunları zamanı da belə olacaq. Azərbaycanımızı daha da yaxşı tanıyacaqlar”.
Nizami Piriyev vurğulayıb ki, bəzən xarici media ölkəmiz haqda neqativ yazılar verirlər: “Buna qarşı cavabımız isə ölkəmizdə nəzərdə tutulan beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirilməsidir. Bizim şirkətə də çox zaman qonaqlar gəlirlər. Və Bakını gəzəndə deyirlər ki, Azərbaycan çox sivil bir islam ölkəsidir”.
İş adamı qeyd edib ki, I Avropa Oyunları ölkəmizi tanıtmaq üçün yaxşı bir fürsətdir: “İnanıram ki, bu yarışdan sonra gənclərimizin idmana olan marağı daha da artacaq”.
Qaynar.info