Xəbər lenti

Bunların hamısı baş versə, o torpaqlarda böyük işlər görəcəyik... - Qarabağa Böyük Qayıdış
Ölkə09:18 12.11.2021

Bunların hamısı baş versə, o torpaqlarda böyük işlər görəcəyik... - Qarabağa Böyük Qayıdış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış..." mövzusu üzrə hazırlanmışdır)
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarısında duran ən vacib məsələlərdən biri Qarabağa böyük qayıdış proqramının həyata keçirilməsidir. Bu proqramda ən mühüm bəndlərdən biri isə həmin bölgələrdən olan ailələrə pay və həyətyanı torpaqların verilməsidir. Bəs vətəndaşlar arasında torpaqların bölgüsü necə aparılmalıdır?
İqtisad Universitetinin dosenti, iqtisadçı ekspert Qadir Bayramlı Qaynarinfo-ya müsahibəsində işğaldan azad edilən torpaqların vətəndaşlar arasında bölünməsinin yolları ilə yanaşı, həmin torpaqların Azərbaycan kənd təsərrüfatına gətirə biləcəyi qazancın detallarını açıqlayıb: 
- Azərbaycanın işğaldan azad edilmiş bölgələri potensial olaraq ölkənin kənd təsərrüfatına çox sey qazandıracaq. Əsasən nəyi qazandıracaq? Hər şeydən əlavə, bu, bölgələrin birləşməsi ümumməhsul istehsalında və ixracatında önəmli rol oynaya bilər. Əgər biz həmin bölgələrimizdə tələb olunan işlərimizi səmərəli şəkildə təşkil edə bilsək, istədiyimiz nəticəni alacağıq. Həmin bölgələrimizdə Azərbaycanın 10 minlərlə suvarmaya ehtiyacı olan torpaqları var. Azad edilmiş "Sərsəng” su anbarı, "Suqovuşan” və s. bunların suvarma sistemində istifadə edilməsi xeyli dərəcədə kənd təsərrüfatı məhsulunun artmasına səbəb olacaq. Azərbaycan işğaldan azad edilmiş rayonların birləşməsi olmadan 3,5 milyon ton taxıl istehsal edir. Düşünürəm ki, həmin rayonların birləşməsi olarsa, Azərbaycan taxıl istehsalını 4 milyon tona çıxara biləcəyik. 
Yay otlaqları ilə əlaqədar çox böyük problem vardı. Şuşa, Kəlbəcər, Laçın və digər bölgələrin yay otlaqları işğal altına düşəndən sonra biz məcbur olub böyük Qafqaz və az miqdarda talış bölgələrinin yaylaqlarına yönəlməyə məcbur olduq. İndi yay otlaqları əsgərlərimiz tərəfindən azad edilib və həmin ərazilərin kənd təsərrüfatına qazandırılması mümkündür. Biz artıq bundan istifadə edəcəyik və düşünürəm ki, bu, daha səmərəli bölgə olacaq. Heyvanlar Qafqaz və talış bölgələrinə yönəldiləndən sonra otarma norması pozulmuşdu və tarazlığın pozulması və s. kimi problemlər ortaya çıxmışdı. Müəyyən qədər onları düzətmək imkanımız olacaq”.
- İşğaldan azad edilən ərazilərin torpaqlarından necə istifadə olunacaq?
- Bu məsələ çox mühümdür və diqqət mərkəzindədir. Hər şeydən əlavə, həmin torpaqlarda təbii təsərrüfat sahələrinin inventarizasiyası lazımdır və bu proses həyata keçirilməlidir. Bizim daha mütərəqqi, aero-kosmik şəkillər vasitəsi ilə onların dəyərləndirilməsi, qiymətləndirilməsi və yeni xəritənin hazırlanması imkanlarımız ortaya çıxır. Bunu daha qısa müddətdə həyata keçirmək, torpaqları kateqoriyalara ayırmaq mümkündür. Və bunu yaxın illərdə həll edəcəyik. Amma bir məsələ var. Mənim şəxsi fikirimə görə, işğaldan azad edilən torpaqlar sözü gedən bölgəni bilən, yəni oradan olan insanlara verilməlidir. Çünki onlar torpağın xüsusiyyətlərini bilirlər. Hansı məhsulu yetişdirmək olar, hansı məhsul daha çox bar verə bilər və s. kimi nüansları onlar hamımızdan yaxşı bilir. Keçici müddət üçün bəlkə kimlərəsə icarəyə verilə bilər, bu başqa məsələdir. Amma yenə həmin rayonlarda vaxti ilə yaşayan zəhmətkeş insanlarımız var ki, onların əksəriyyətinin yaşı 60-dan yuxarı olsa da, təsərrüfata meyillidirlər. Onlar rayona, torpağa qayıtmaq istəyirlər. Böyük qayıdış ilk öncə həmin insanlardan başlamalıdır, onlara üstünlük verilməlidir. Həmin bölgələrdə su ehtiyatları var. Dövlət də bu sahəyə yatırımlar, investisiya qoyur. Həm də infrastrukturun yenidən qurulması üçün cəhdlər var. Mən inanıram ki, bunlar müvəffəqiyyətlə sonuclanacaq. Nəticə etibarı ilə həmin bölgələrin torpaqları kənd təsərrüfatına qazandırılandan sonra Azərbaycanda həm məhsul çeşidləri artacaq, həm ümumi istehsal artacaq, həm də ixracat imkanlarımız genişlənəcək. Yetər ki, biz bu məsələləri obyektiv, şəffaf şəkildə həyata keçirək. Orada obyektiv səbəblər var və bu üzdən müəyyən geçikmələr yaşana bilər. 
- Həmin səbəblər hansılardır?
- Minaların təmizlənməsi və s. Bütövlükdə Azərbaycanın kənd təsərrüfatı potensialının ilk dəfə son 30 ildə tam şəkildə böyük ölçüdə istifadə eləmək imkanı ortaya çıxıb, biz bunu dəyərləndirməliyik. Ermənilərin yaratdığı təxribatlar, ekoloji terror sonucu baxımından torpaqların bəzilərinin strukturu dəyişilib və s. bunlara qarşı tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycan dövləti bununla bağlı proqram hazırlayır. Ümüdvaram ki, onlar yaxşı nəticə verəcək və yeni iş imkanları ortaya çıxacaq. Kəndə qayıdış imkanları yaranacaq. 
- Rayona, kəndə qayıdışın xeyri nə ola bilər?
- Bu, böyük şəhərlərin yükünün azaldılmasında öz rolunu oynaya bilər. Nəticə etibarı ilə həmin bölgənin həm kənd təsərrüfatına, turizm sahələrinin canlanmasına kömək edəcək. Bütün bunları dövlət proqramı çərçivəsində həyata keçirməyə nail olacağıq.  
- Söhbət 30 ildə əkilməyən, istifadəsiz qalan torpaqlardan gedir. Bu torpaqlar ilk illər necə məhsul verəcək?
- Birinci növbədə həmin bölgələrin təbii təsərrüfat sahələrinin yenidən inventarizasiyasının  qiymətləndilrilməsi vacibdir. Bu, eyni zamanda həm problemlərin həllinə kömək edən məsələdir, həm də növbəli əkin sistemidir. Torpaqların xeyli hissəsi təbii şəkildə məcburiyyətdən dincə qoyulub. Sadəcə, ilk olaraq onlar neqativ faktorlardan, minalaradan təmizləmək qalır, bunu edəcəyik. Azərbaycan xalqı yenidən həmin torpaqlara qovuşursa, biz həm ənənəvi təsərrüfat medodlarından istifadə etməliyik, həm də yeni texnologiyanın imkanlarını həmin bölgədə tətbiq etməliyik. Bunların sintezi bizə çox şey verəcək. Zənn edirəm ki, dövlət çox böyük kredit verəcək. Bu kreditlər uzunmüddətli, faizsiz ayrılsın. Bunların hamısı tətbiq edilərsə, bölgənin məskunlaşması həm sürətlənəcək, həm də bütövlükdə məhsul istehsalının artımına, yeni iş yerlərinin açılmasına xidmət edəcək.
- İşğaldan azad olunan ərazilərdən olan vətəndaşların istər həyətyanı, istərsə də pay torpaqlarının bölgüsü necə aparılmalıdr? Bəzi millət vəkilləri bununla bağlı açıqlama veriblər və bildiriblər ki, o bölgədən olan hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılacaq. Bu isə vətəndaşların narazılığına səbəb ola bilər. Rayon yerində 12 sot torpaqda nə etmək olar?  
- Əvvala, bu bölgələr işğaldan azad ediləndən sonra həmin bölgələrin vətəndaşlarının 12 sot həyətyanı torpaqla məhdudlaşdırılması doğru deyil. Bunu artırmaq lazımdır. Bu mənim şəxsi fikirimdir və həmin bölgəni bilən şəxs kimi deyirəm ki, hər bir ailəyə ən azı 35 sot həyətyanı torpaq sahəsi ayrılmalı, üstəlik 1-5 hektar arasında dəyişən pay torpağı verilməlidir. Pay torpaqları bölgədən-bölgəyə dəyişərək həyata keçirilməlidir. Bu, çox da ola bilər. Dövlət həmin bölgələrə daha çox subsidiya, güzəştlər, imtiyazlar, təşviqedici təkliflər və s. kimi vasitələrdən istifadə edəcək. Bunların hamısı baş versə, biz o torpaqlarda böyük işlər görəcəyik. 
- Qarabağa Böyük Qayıdış mərhələsində narazılığa yol aça biləcək ikinci bir məsələ işğaldan azad edilən bölgələrin vətəndaşlarının öz kəndlərinə qayıtmamasıdır. Ağıllı kəndlərin salınması kiçik kəndlərin birləşdirilməsindən keçir. Kəndli isə israrla öz dəd-baba kəndinə getmək istədiyini və başqa yerdə yaşamaq istəmədiyini deyir...
- Hər bir proses vətəndaşın istəyi əsasında olmalıdır. İlk olaraq kənd sakinləri öz yurduna köçürülməlidir. Əgər hər hansı böşluq qalarsa, digər kənd sakinlərinə təklif edilə bilər. Hər bir ailə aid olduğu kənddə ən azı 35 sot həyətyanı, 5 hektar pay torpağı ilə təmin olunsa, boş ərazi qalmayacaq. Sonra həmin kəndin iş adamlarına imkan yaradılmalıdır ki, orada biznesini davam etdirə bilsin.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.