Xəbər lenti

Bunu istəyənlər hansı ağlın sahibidir? - İntiqam Soltan
Ölkə08:17 01.06.2022

Bunu istəyənlər hansı ağlın sahibidir? - İntiqam Soltan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün uşaqların hüquqlarının pozulması sabah bizim cəmiyyətdə müxtəlif çətinliklərlə üzləşməyimizə səbəb olacaq”.
Bunu Qaynarinfo-ya aşıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan Azərbaycanda uşaq hüquqlarının qorunmasından danışarkən deyib. Direktorun fikirincə, bu gün bütün sahələrdə inkişafa cəhd göz önündədir:
"Desəm ki, uşaqların hüquqları qorunur, standart cavab olar. Desəm ki, yox, qorunmur, belə çıxacaq ki, İntiqam Soltan yaxşı heç nəyi görmür. Bir çox sahələrdə köhnə, təcrübəli, korrupsioner kadrların yerinə yeniləri gəldi. Korrupsioner kadrları tərbiyə eləmək olardı. Onların korrupsioner olmasına baxmayaraq, həmin adamlarda olan təcrübə yeni kadrlardan yoxdur və təsəvvür edin ki, biz hansısa sahədə həyatı yenidən başlamağa məcburuq. Bunun nə demək olduğunu başa düşürsünüz? Uşaqların hüquqlarının pozulması hansı cəhətdən diqqətdən kənarda qalır? Bu gün uşaqların hüquqları bir başa gözlə görünəcək formada pozulmur. Məsələn, onların hüquqları öncə valideynlər tərəfindən pozulur. Uşağa son model telefonlar alıb, onu cibinə qoyub məktəbə yola salmaqla biz onların hüquqlarını kobud formada pozuruq. Necə pozuruq? Biz bununla uşağın sabahının inkişafının qarşısını alırıq və hüquqlarını pozuruq. Uşaqda belə bahalı telefon nə gəzir? Sinifdə müəllim ona qarşı kobudluq edəndə digər uşaq onu çəkib sosial şəbəkələrdə paylaşır. Bu cür hallar bir çox sahələrdə var”.
İntiqam Soltan qeyd edib ki, bu gün teatrlar uşaq müəssisələrinə girə bilmir:
"Bilirsiniz ki, teatrlar məktəblərə buraxılmır, bu, əslində, uşağın öyrənmək hüquqlarının pozulmasıdır. 20-30 il bundan əvvəl verilən qərarı yenisi ilə əvəzləyə bilmirlər. Direktorlar bir-bir əlaqə saxlayır, deyirlər ki, "Ay İntiqam müəllim. niyə məktəblərə gəlmirsiniz? Bizim teatrın verə biləcəyi təlimə, tərbiyəyə böyük ehtiyacımız var. Bizim köməkçimiz ola bilərsiniz”. Amma bizə qoyulan qadağaları aşıb keçə bilmirik, bu, heç cür mümkün deyil. Bəs bu, uşaqların hüquqlarının pozulması demək deyil? Uşaqların sabahının qapılarını indidən əlimizlə bağlayıb, açarını da quyuya atırıq. Uşaqları Allahın ümidinə buraxırıq. Teatrların uşaqlara verə biləcəyini dəyərləndirə bilmirik. Olmazmı ki, Təhsil Nazirliyi tərəfindən teatrlarla iş aparılsın? Məsələn, təbiəti qorumaq…Əlimizdə olan qida məhsulunun kötüyünü, qabığını, kağızını küçəyə atmayaq. Yaxud da küçə heyvanlarına qarşı sayğı ilə yanaşmaq. O gün prezident gözəl bir sözü dedi: "Ağsaqqal, ağbirçək sözlərinin leksikondan çıxarılmasını istəyənlər var”. Bunu istəyənlər hansı ağlın sahibidir? Bu, uşağın hüquqlarının pozulması demək deyil? Biz yeniliyi eləmək cəhdi ilə real hüquqları darmadağın etmiş oluruq. Biz bəzən uşaqların öz ritmi ilə yaşamaq hüququnu məhdudlaşdırırq. Bəzən uşaqları öz ritmi ilə yaşamaq anı hələ yetişməmiş onlara qarşı kobudcasına öz ritmimizlə yaşamaq şəraiti yaradırıq. Bu da uşaqların dolayısı ilə hüquqlarının pozulmasıdır”.
Bahar Rüstəmli