"Gənc istedadlar" üç il ardıcıl Təhsil Nazirliyinin tabeliyində olan liseylər arasında birinci yeri tutub - 2009, 2010 və 2011-ci illərdə. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin açıqladığı rəsmi statistikadır. Liseyin direktoru, kimya elmləri doktoru, professor Qasım Hüseynov “Qaynar.info”ya açıqlamasında bu barədə danışıb.
Direktor əlavə edib ki, 2012-ci ilin statistik göstəricilərinə görə ikinci yerdədirlər: “Bundan əlavə indiyə kimi liseydə dörd buraxılış olub və 103 məzunumuz var. Bu şagirdlərdən 101 nəfəri dövlət ali məktəblərin ödənişsiz fakültələrinə qəbul olub. Yalnız iki nəfər aşağı bal topladığı üçün ödənişli fakültə qazanıblar. Yəni indiyə kimi bizim liseyi bitirən məzunlardan kimsə kənarda qalmayıb. Həmçinin şagirdlərimiz arasında prezident təqaüdü alan da var, xaric ölkələrdə dövlət hesabına oxuyanlar da".
Qasım Hüseynovun sözlərinə görə, liseyin ən böyük uğurlarından biri olimpiadalarda yaxşı nailiyyətlər əldə etməsidir: “2012-ci ildə şagirdlərimizdən 3 nəfəri respublika səviyyəsində birinci, 3 nəfəri isə ikinci yerin sahibi oldu. Hətta liseyin bir şagirdi Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada yer tutduğu üçün ona xarici universitetlər təhsil üçün dəvət göndərib".
Direktor vurğulayıb ki, digər şagirdlər də ölkə səviyyəli bütün bilik və intellekt yarışlarında iştirak etməklə öndə gedənlərdəndir: "2012-ci ildə keçirilən “Sabahın alimləri” müsabiqəsində bizim lisey birincilik qazandı. Bir faktı da diqqətinizə çatdırım ki, ABŞ-ın Pensilvaniya ştatında keçirilən beynəlxalq olimpiyada yarışında respublikamız adından təqdim olunan üç layihədən ikisi bizim liseyin şagirdləri Mahirə Səfərzadə və Arif Bayramova məxsusdur.
Bizim lisey kimya və riyaziyyat baxımdan həmişə ön yerdə olub. Buna baxmayaraq digər fənnlərə də üstünlük veririk. Məsələn, bizim 10-cu sinif şagirdimiz Fidan Əli-Azərlinin yazdığı “Balıq” romanı sözün yaxşı mənasında geniş səs-küy yaratdı. Biz bununla çox sevindik, bu, nəinki bizim, hətta ölkə təhsilimizin uğurudu deyərdim. Həm də Fidan bu uğuruyla yanaşı, dərslərinə də çox yüksək səviyyədə hazırlaşır”.
"Gənc istedadlar" liseyinin ən əsas üstünlüyündən biri də Bakı Dövlət Universitetiylə sıx əlaqə saxlamasıdır. Qasım Hüseynovun sözlərinə görə, liseyin şagirdləri “Sabahın alimləri” müsabiqəsinə BDU-nun müəllimlərinin nəzarəti altında hazırlaşırlar: “Həmçinin universitetin müəllimlərini mütəmadi olaraq liseyimizə dəvət edib konfranslar keçiririk. Bundan başqa bizdə hansı sahəyə şagirdlərimiz meyl edirsə, onu universitet müəllimlərinə tapşırırıq ki, kömək etsin. Yəni lisey universitetin nəzdində fəaliyyət göstərdiyi üçün, sözün yaxşı mənasında tam istifadə edirik. Bundan başqa, Türkiyənin bir neçə özəl liseyilə əməkdaşlıq etməyə hazırlaşırıq.Yəqin ki, yaxın günlərdə daha yüksək nailiyyətlərə nail olacağıq”.
"Gənc istedadlar" liseyi prezident İlham Əliyevin 17 aprel 2006-cı il tarixdə imzaladığı "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"na uyğun, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə 2007-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılıb.
Azərbaycan təhsilində özünün xüsusi dəst-xətti ilə seçilən, yaranmasından az müddət keçməsinə baxmayaraq bir çox uğurlar əldə edən liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, potensiallarını düzgün istiqamətləndirmək, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirmək, Azərbaycanın inkişafı naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdən ibarətdir.
Qaynar.info
Şərhlər