Xəbər lenti

Cavid Hüseynov vəhhabidirmi?
Ölkə05:10 18.08.2015

Cavid Hüseynov vəhhabidirmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan idmanında vəhhabi təriqətinə qoşulma meyllərinin son illərdə artdığı müşahidə olunur. Onu da qeyd edək ki, bu hal daha çox futbol sahəsində büruzə verir. İndiyə qədər “Qarabağ” futbol klubunun timsalında bir çox futbolçunun vəhhabi olması barədə fikirlər səslənib. Hətta bəzi futbolçuların konkret adları da çəkilib. 
Xüsusilə bu məsələ jurnalist Rasim Əliyevin döyülüb öldürülməsindən və baş verən hadisədə “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun adının hallandırılmasından sonra bir daha gündəmə gəldi. Hazırda həbsdə olan sabiq kapitanın vəhhabi təriqətinə məxsus olması barədə iddialar var. 
Qol.az saytının baş redaktoru Aydın Bağırov "Yeni Musavat"a açıqlamasında son illərdə idmanda dinə meylli insanların sayının artması faktını təsdiqləyib: “Son illər təkcə futbolumuzda deyil, bütövlükdə idmanımızda dinə meylli insanların sayı çoxalıb. Mənim şəxsən tanıdığım, dostluq münasibətində olduğum neçə-neçə mömin idmançı və futbolçu var. Amma problem ondadır ki, xüsusilə məşhur idmançılarla bağlı bəzən kənardan çoxları bilib-bilmədən doğru olmayan fikir yürüdürlər. Xüsusilə vəhhabi məsələsi son vaxtlar ”dəbə" düşüb. Bu faktı çoxları bilmir, bizdə elə məşhur dindar idmançılar var ki, hətta spirtli içkinin verildiyi məclisdə belə otururlar. Amma təbii ki, özləri içmirlər. Mən bildiyimə görə, dini fanatlar olan vəhhabilər heç vaxt belə məclislərdə oturmurlar".
İdman mütəxəssisi yanlış fikirlərin cəmiyyət arasında kütləvi şəkildə yayıldığını da qeyd edib: “Sözüm ondadır ki, bizim cəmiyyətdə belə bir yanlış fikir yaranıb. Hansı idmançı ibadətlə məşğuldursa, deməli, vəhhabidir. Təbii ki, idmançılar və futbolçular arasında da vəhhabilər var, amma onların sayı iddia olunduğu kimi, çox deyil. Konkret Cavid Hüseynovla bağlı duruma gəlincə, ümumiyyətlə, törədilmiş cinayətin Cavidin dinə münasibəti ilə nə əlaqəsi var, onu başa düşə bilmirəm. Fakt budur ki, kimlərinsə ağılsızlığı ucbatından bir gənc insan öldürülüb, başqa bir gənc isə futbolçu həyatının zirvəsində həbsxanaya düşüb. Cavidlə şəxsi tanışlığım olmayıb, amma bir müsahibəsində oxumuşdum və müsahibədən bilirəm ki, dinə bağlı adam olub. Amma onun vəhhabi təriqətinə yaxın olduğunu iddia edə bilmərəm. Çünki əlimdə heç bir faktım yoxdur”.
Komanda.az saytının redaktoru Natiq Muxtarlı bu məsələyə ittiham tərəfi kimi yanaşmağın doğru olmadığını düşünür: “Fakt bilənlər üçün həqiqətdir. Bizdə də məlumat var ki, hansı klublarda kimlər bu təriqətə qulluq edirlər. Amma həmin şəxsləri ittiham edə bilmərik. Çünki insanın dini əqidəsinə qarşı yönəlmiş təzyiq vasitəsi ola bilər. Bu hal təkcə futbolumuza aid deyil. Xatırlayırsınızsa, bir güləşçimizlə bağlı problem yaşamışdıq. Ona əmr etmişdilər ki, saqqalını qırxsın. Qırxmadığına görə güləşdən getmişdi. Məsələyə bu istiqamətdən yanaşmaq lazımdır. Hansı futbolçunun vəhhabi olması artıq gizlədilmir. Açığı, Cavid Hüseynovun bu təriqətdən olduğunu bilmirdim. Əslinə qalsa, o, bu dini cərəyanın daşıyıcısı imiş. Ayrı-ayrı vaxtlarda Əfran İsmayılov, Rəşad Sadıqov, Qurban Qurbanovla bağlı belə məsələlər qabardılıb. Heç vaxt futbolçuları dininə görə ittiham etməmişəm. Məni Qurban Qurbanovun işi, Rəşad Sadıqovun oyunu maraqlandırır. Hansı dinə qulluq etmək idmançının şəxsi işidir. Əgər təhlükədirsə, geniş şəkildə araşdırılmalıdır. İnsanlar niyə bu təriqətə meyl edirlər? Yaranma səbəbləri araşdırılmalıdır. 
Bunu araşdırmaq jurnalistlərin yox, dövlətin işidir. Dövlət bu işlə ciddi məşğul olmalıdır. Amma etiraf edək ki, indiyə qədər adı vəhhabi təriqəti ilə bağlı hallanan idmançılardan aqressiv münasibət də görməmişdik. Qurban Qurbanovu məndən çox tənqid edən olmayıb. Amma o, heç vaxt mənə qarşı təzyiq etməyib. Rəşad Sadıqovu da buraya daxil etmək olar. Bütün sahələrdə vəhhabilər artır. Cəmiyyət kontekstində bu məsələ ciddi araşdırılmalıdır. Digər sahələrdə artanda, demək, futbola da təsir edəcək. Bu sahəni təzyiq altına salmaq olmaz. Bu psixoloji təzyiq olar. Bir futbolçu vəhhabidirsə, amma işini vicdanla yerinə yetirirsə, niyə onun üzərinə getməliyik? Qurban Qurbanov futbolumuza nüfuz gətirməkdən başqa heç nə ilə yadda qalmayıb. Cavidin konkret vəhhabi olması faktı yoxdur. Sadəcə, yaxınlarının, dostlarının dediyi kimi, dini inancı olub. Dilindən də dini inanca məxsus olması heç vaxt səslənməyib”.
Qaynar.info