Ölkə 23:12 27.09.2023

Çay evində başlayan qızların davası məhkəmədə bitdi

Bakının Nizami rayonunda yerləşən "Red House” çay evində ofisant qızlar arasında dava ilə bağlı məhkəmə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, qızlar arasında baş verən davaya səbəb restoranın həyətində oturan müştəriyə çay verilməsi olub. Hadisə restoranda ofisant işləyən 1998-ci il təvəllüldü Ellada Səlimova (soyad şərti) ilə Sevinc Kərimova (soyad şərti) arasında baş verib. 

Ellada çay evində Sevincə yaxınlaşaraq çöl tərəfdə masada əyləşmiş şəxslərə çay verdiyinə görə əsəbi halda iradını bildirib. Sevinc isə fikirli olub, səhvən həmin masaya xidmət göstərdiyini deyib. Sonradan Sevinc onunla aqresiv danışaraq, təhqir edib. Ellada buna görə onu itələyib və yumuruğu ilə bir neçə dəfə sifət nahiyəsindən vurub. 

İttihama əsasən, Ellada zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sağ qaş ətrafı nahiyənin şişkinliyi və sağ göz ağlı qişasının qansızması ilə müşayiət olunan bədən xəsarətləri yetirərək, qərəzli hərəkətlərlə xuliqanlıq edib. 

Məhkəmənin qərarı ilə Ellada Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından dövlət nəfinə 15 faizi pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Əhməd