Ermənistan hərbçiləri Tovuz rayonu istiqamətində mövqelərimizi, həmçinin kəndləri və sakinləri intensiv atəşə tutub
Təmas xəttinin Tovuz istiqamətində Ermənistan ordusu daha da fəallaşıb. ANS TV xəbər verir ki, qarşı tərəfin bu fəallığından xüsusilə rayonun Əlibəyli və Hacallı kəndlərinin sakinləri əziyyət çəkirlər. Belə ki, ötən gün axşam saat 18.00 radələrindən başlayan intensiv atışma 2,5 saat müddətdə kənd sakinlərini təşviş içində saxlayıb. Bəzi sakinlər evlərinə belə gedə bilməyiblər. Artıq Əlibəyli sakinləri bu cür atəş səslərinə öyrəşsələr də, budəfəki vəziyyəti digərlərindən fərqli olduğunu dedilər.
Bir neçə saat intensiv davam edən atəş səsləri nisbətən səngiyəndən sonra kənd arasında canlanma hiss olunurdu. Saat 18 dən başlayan atışma zamanı bu yolda maşınların şütüməsi mümkün deyildi, çünki birbaşa Ermənistan ordusu yol və kəndi hədəfə almışdı.
Qeyd edək ki, kəndin təsərrüfatına da xeyli ziyanın dəydiyi bildirilir. Belə ki, Ermənistan ordusunun açdığı atəş nəticəsində Əlibəyli kəndinə verilən qaz borusu zədələnib. Nəticədə kəndə qazın verilişində fasilələr yaranıb. Amma gecə saatlarında qazın verilişi bərpa olunub. Bundan başqa, evlərin damları güllələrdən yararsız hala düşüb.
Xatırladaq ki, Ermənistan Kütləvi İnformasiya Vasitələri cəbhənin Əlibəyli istiqamətində bir nəfər Ermənistan hərbçisinin öldürüldüyü barədə məlumat yaymışdı .