Ölkə 12:52 17.06.2022

Cəbrayılda mina partlayışı: 7 nəfər xəsarət alıb (YENİLƏNİB)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi ilə bağlı əlavə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.

Qeyd edək ki, partlayış nəticəsində 7 nəfər xəsarət alıb: Ruhin Vəliyev, Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.
 
11.00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilmiş, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuşdur. Hal-hazırda vəziyyəti stabildir.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
10:36
 
Prokurorluq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşməsi barədə məlumat yayıb.

Cəbrayıl rayon prokurorluğunun Qaynarinfo-ya verilən xəbərə görə, iyunun 17-si saat 09 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
 
10:17
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

Bu barədə Qaynarinfo-ya agentlikdən məlumat verilib.

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində baş verib. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib.