
Cəlilabad rayonunda sosial problemlərdən əziyyət çəkən bir qrup sakin mətbuata şikayət məktubu ünvanlayıb.
Qaynar.info xəbər verir ki, onlar konkret olaraq rayon Qaz İstismar İdarəsinin müdiri Təhmasib Baxşıyevdən şikayətçidirlər.
Rayonun "28 May" küçəsində yaşayan sakinlər - Gülverdiyev Güloğlan, Quliyev Ferzulla, Qənbərov Raci, Əsgərova Leyla, Gülverdiyev Əbil, eləcə də Xətai, V.Mürsəlov, Füzuli, E.Rəhimov küçələrində yaşayan sakinlər Təhmasib Baxşıyevin qanunsuz əməllərindən təngə gəldiklərini qeyd edirlər.
Onların sözlərinə görə Qaz İstismar İdarəsinin rəisi vətəndaşlarla elə davranır ki, sanki dövlətin təbii sərvəti olan mavi yanacaq onun şəxsi əmlakıdır. Sakinlərin iddiasına görə T.Baxşıyev qaz xətlərinə süni qurğularaq qoşan və qanunsuz yararlanan şəxslərlə, iş adamları ilə əlbirdir. Onlardan rüşvət alaraq qazı qanunsuz olaraq satır. Bu da vətəndaşların təbii yanacaqdan istifadəsinə ciddi maneələr yaradır. Onlar həftələrlə qazsız qaldıqlarını deyirlər. Hazırda sözügedən küçələrdə qazın verilməsinin tam dayandırıldğı bildirilir.
Sakinlər həmçinin qeyd edirlər ki, T.Baxşıyev şikayətə gedən vətəndaşları hədələməkdən belə çəkinmir. O, idarə işçilərinə şikayətə gəlib səs-küy salan vətəndaşlara zor tətbiq edilməsi ilə bağlı göstəriş də verib.
Maraqlıdır ki, T. Baxşıyevin bu qanunsuz əməllərindən rayonun icra başçısı Əziz Əzizov da xəbərdardır. Amma görünən odur ki, ya Əzizovun sözü T.Baxşıyevin yanında keçmir, ya da onun araxasında məhz Əzizov özü dayanıb.
Məsələ ilə bağlı T. Baxşıyevlə əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı.
Qaynar.info