"Hər kəs əlindəki aktivinin dəyərini qorumağa çalışır - kimisi milyonlarını, kimisi 300-500 manatını”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, insanlar əllərində olan maliyyəni qorumaqdan savayı imkan olduqca onu artırmaq, dəyərə mindirmək fürsətini də əldən buraxmırlar:
"Bu, insan təbiəti üçün son dərəcə xarakterik xüsusiyyətdir. Arqument budur ki, 2-3 gündən sonra xərcləyəcəyin pulu niyə dollara çevirirsən, məzənnə dəyişməsə, axı ortada mübadilə zamanı 1-2% itirəcəksən. Doğrudur, amma əskik tərəfi var: axı qalxanda da qazanacaq, ən azından əlindəki aktivi dəyərdən düşməkdən qoruyacaq. Burda əsas məsuliyyət bank sektorunun tənzimləyicisinin üzərindədir - panikanın davam etdiyi günlərdə zəruri həcmdə ehtiyatlarla bankları təmin edin. İnsanlar banklarda məhdudiyyət görməsə, maksimum 2-3 gün ərzində panika sönəcək. Və ardınca gündəlik ehtiyacı üçün saxladığı pulu dollara çevirənlər yenidən banka, onlar isə Mərkəzi Banka qaytaracaq”.
Rövşən Ağayev qeyd edib ki, indi bizim üçün ən vacib olan şərt real iqtisadi islahatlarla bağlı doğru qərarlar verməkdir:
"Əmin olun ki, gerçək islahatlarla bağlı qərarlar cəmiyyətdə istənilən miqyasda panikanı yatırtmaq üçün ən təsirli çıxış yoludur”.
Bahar Rüstəmli