Murad Köhnəqala
Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) qulluq edən bir qohumum var. Onun qırmızı beretlilərdən olduğunu 44 günlük müharibə ərəfəsində bildim. Aramızdakı böyük yaş fərqinin olmasına baxmayaraq onunla çox yaxın dostam.
Xaraktercə az danışan, ümumiyyətlə danışdırmasan danışmayan, lakin baməzə xarakterli qırmızı beret qohumum müharibədən sonra da o döyüşlərdən çox xəsisliklə danışır. Müharibədə ən yaxın dostunu, illərdir birgə yaşadığı otaq yoldaşını itirdiyinə görə uzun müddət depressiyadan çıxa bilmirdi. Beynindən nələrin keçdiyini heç kim anlamırdı, oturanda yalnız bir nöqtəyə zillənib donmasından qorxurduq. Qorxurduq ki, ötüb keçməyəcək psixoloji problemləri yarana. Sonralar müalicə, dərimanlardan sonra özünə gəldiyini hiss elədik və sevindik. İndiyə qədər otaq yoldaşının itkisinin təsiri altında olsa da vəziyəti yaxşıdır.
Qırmızı beretli qohumum, daha doğrusu, dostumla müharibəyə qədər mütəmadi olaraq telefonda danışırdıq. O, həmişə hal-əhval tutduqdan sonra öz adəti üzrə, otaq yoldaşından danışır, özünün qulağı eşidə-eşidə onu prikola tuturdu. Gənc dostumun həmin məzəli söhbətlərinin arasından, yanında bizim söhbətə qulaq asan otaq yoldaşının gülüş səsləri də gəlirdi. Hərdən telefonu dostuna verəndə onunla da hal-əhval tuturdum. Uzaq dağ kəndlərinin birindən olan həmin döyüşçünün üzünü görməsəm də onunla dostlaşmışdım. Adətən mən onlarla ən asudə sayılan bazar günləri, ya da hərdən axşamlar danışırdım. Qohumum həmişə otaq yoldaşının o arıq canıyla çox yeməyindən danışır, hər yeməyi bəyənməməsini şirin-şirin məsğərəyə qoyurdu. Deyirdi, burda camaatı ekstremal şəraitə hazırlamaq üçün qurbağa əti yedirdirlər, bu da kənddən nəhrə yağı gətizdirib ki, hökmət yağını yeyə bilmirəm. Otaq yoldaşı da o yandan "yox bir, motal pendiri!” qışqırıb gülürdü. Doğrudan da ekologiyası təmiz, qidası saf, natural bir kənddə böyümüş kənd uşağının obrazı mənə, XTQ təlimləri qarşısında ziddiyyətli və gülməli görünürdü. Beləcə, məni də özlərinə qoşub güldürürdülər.
Sonra qırmızı beret gənc dostum deyirdi, canımçün, bu bir dənə də bədii əsər oxumayıb, yalnız aşığa qulaq asır. Mən də deyirdim, əşşi, aşıqdan eybi yox, qoyma meyxanaya dadansın. O da deyirdi, yox, bunun meyxanadan qəti xoşu gəlmir, nəhrə yağı hara, meyxana hara? Beləcə, dostunu prikola tutub gülürdü. Sonra deyirdi, Bakıya gedəndə bunun üçün kitablar alıb gətirmək istəyirəm. Bundan möhkəm şübhələnmişəm, deyəsən, heç "Cırtdan”ı da oxumayıb. "Cırtdan”dakı devdən danışıram buna, deyirəm, dəyirman daşını belinə taxıb üzmək istəyirmiş. Bunu maraq bürüyüb, elə bilir öz yanımdan danışıram, ancaq söz vermişəm ki, "Cırtdan”ın kitabını alıb gətirəcəm buna. Mən də gülüb deyirdim ki, hələ gör, o dağlar oğlu hərfləri-zadı tanıyırmı? Üzündən oxuya bilmirsə gərək bütün hərflərin qolundan tutub bir-bir onunla tanış eləyəsən. Səsi mikrofona qoyduğuna görə dostunun şaqqanaq çəkib gülməyini eşidirdim.
Qırmızı beretin dostu da öz növbəsində onu dolamağa çalışırdı. O da bunun rayonundan gələn meyvəsinə sataşıb deyirdi, hər rayondan gələn olanda buna bir meşok fındıq gətirir, otağın bütün künc-bucağı fındıqla doludu, qardaş. Bütün gecəni otaqdakı siçovullarla şərikli fındıq şaqqıldadıb yeyirik, qurtarmır ki, qurtarmır. Axırda yarısını çayxanda camaata paylamışam. O gün siçovullardan bir ağsaqqalı mənə dedi, ta, biz hər gün sizin fındıqlarınızdan oğurlayıb yeməkdən bezmişik, fikrimiz var başqa yerə köçək.
Beləcə, gülüşürdük. Mən də öz növbəmdə deyirdim, çörəyin üstünə nəhrə yağı çəkib verin ki, narazı qalmasınlar. Qohumum da deyirdi, a kişi, siçovul nə gəzir, bunun əlindən siçovul fındıq ala bilər? Bütün günü özü oturub fındıq qırıb yeyir.
Beləcə, deyib gülərdik. İndi həmin dağlar oğlu yoxdu. Hər dəfə müharibədən söz düşəndə qohumum otaq yoldaşının igidliyindən, cəsarətindən danışır. Onu döyüş meydanından yaralı döyüşçü yoldaşını çıxardan zaman vururlar. Qohumum deyir, dəstədə bu ipə-sapa yatmır, özbaşına riskli addımlar atırdı. Sonuncu dəfə yaralı arxasınca getmək istəyəndə onu tutub saxladıq ki, qoy, ara sakitləşsin, sonra gedərsən, görmürsənmi başımıza mərmi yağdırırlar. Dözmədi, dedi, vaxt gedir, biz gözləsək də yaralının qanı gözləmir. Beləcə, bu dəfə heç yaralıya çatmamış onu vurdular.
Psixologiyada Pratfall effekti deyilən bir termin var. Yəni, elə insanlar olur öz naturasındakı bəzi çatışmazlıqları gizlədərək tam ideal görsənməyə çalışırlar, onlara elə gəlir bu cür olsalar daha çox sevilərlər. Ancaq elə deyil. Əslində insanın şəxsiyyəti onun xarakterindəki müxtəlif cəhətlərinin toplusu deməkdir. Eləcə də, qohumumun həmin dostu! O döyüşçü az kitab oxumağıyla, arıq olsa da çox yeməyiylə, nəhrə yağı gətirtməyiylə, döyüşdə son anda əmrlərə yox, öz qəlbinin səsinə qulaq asmağıyla, yaralı döyüşçü dostunun ağrılarına dözə bilməməyiylə mükəmməldir.
Bir dəfə qohumum öz otaq yoldaşını sağlığında bu qədər dərindən tanımadığına görə təssüf hissi ilə belə dedi: "Onun bu qədər cəsur olduğunu heç vaxt ağlıma gətirməzdim”.