Ölkə 17:16 14.03.2023

Ceyhun Məmmədov: “Bu cür məlumatlar daha çox təxribat xarakterlidir”

"Ali məktəblərdə qəbul imtahanlarına düşən fənlərin sayının azaldılmasının tərafdarı deyiləm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkələrdə qəbul imtahanlarına düşən fənlərin sayının azaldılması ilə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.
 
Deputat bildirib ki, qəbul imtahanlarına düşən fənlərin sayının azaldılması təhsilin daha da bərbadlaşmasına, savadı, biliyi, potensialı olmayan abituriyentlərin ali məktəblərə qəbul olunmasına gətirib çıxardacaq:

"Ona görə bu kimi fikir və düşüncələrdən uzaq olmalıyıq, belə yalnış məlumatların yayılmasına da imkan verməməliyik. Bu yanaşmanı düzgün hesab etmirəm. Hesab edirəm ki, bu gün Dövlət İmtahan Mərkəzi işini yaxşı qurub, sistem işləyir və obyektivlik var”.

Ceyhun Məmmədov bunun çox ciddi məsələ olduğunu vurğulayıb:

"Bu gün baxıram, bəziləri deyir, Dövlət İmtahan Mərkəzini ləğv etmək lazımdır, bəziləri sistemin dağılmasını təklif edir. Onlar təsəvvür eləmir ki, bu gün sistemin dağılmasında maraqlı olan çoxlu qruplar var. Bu sistemin dağılması təhsilin daha da bərbadlaşması, daha ağır duruma düşməsinə səbəb ola bilər. Ona görə diqqətli olmalıyıq, bu cür məlumatlar daha çox təxribat xarakterlidir”.

Bahar Rüstəmli