
Aprelin 7-dən 11-dək Fransanın Tuluza şəhərində Sambo üzrə yeniyetmələr və gənclər arasında keçirilən Avropa birinciliyində Azərbaycanı təmsil edən idmançılarımız da iştirak edir. Ancaq təəssüflər olsun ki, yarışın nəticələri haqda ətraflı məlumat əldə etmək mümkün deyil.
Azərbaycan Sambo Federasiyasının rəsmi saytı olan "sambo.az"-a daxil olub, məlumat əldə etmək istəsək də, yenə aruzumuz ürəyimizdə qaldı. Məsələ burasındadı ki, qurumun rəsmi saytı yenilənmir. Sonuncu dəfə saytda sambo yarışları ilə bağlı xəbər ötən ilin oktyabr ayında yerləşdirilib.
Durumun nəyə görə belə olduğunu aydınlaşdırmaq istəsək də, saytda qeyd olunan mobil nömrə ilə əlaqə yaratmaq mümkün olmadı. Belə ki, operator əlaqə nömrəsi kimi təqdim edilən nömrənin təyin olunmadığını diqqətimizə çatdırdı. Federasiyanın şəhər nömərisinə etdiyimiz zənglər isə cavabsız olaraq qaldı. Sonuncu şans isə quruma elektron məktub göndərməkdi. Ancaq bir anlıq çətin sual qarşısında aciz qaldı: Görəsən, telefonunun biri işləməyən, digərinə isə cavab verilmədiyi federasiyadan məktubumuza nə vaxt cavab veriləcək?
Deyəsən, federasiyası rəsmiləri hələ də qış yuxusundan ayılmayıb. Heç nə olmaz, bir az da gözləyərik. Qarşıda qızmar yay günləri gəlir. Bəlkə bu isti onları kabinetdən bayıra çıxmağa məcbur etdi.
Və yaxud da ola bilər ki, federasiya prezidenti olan 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi "Şöhrət” ordenli samboçu Ceyhun Məmmədov digər işləri ilə əlaqədar quruma vaxt ayıra bilmir. Nərimanov rayonu ərazisində kafeləri, idman mağazaları olan, eləcə də sözügedən rayonda cinayət axtarış şöbəsində polkovnik-leytenant çalışan Məmmədov üçün bir saytın fəailiyyətinə kiçik miqdarda pul ayırmaq bu qədərmi qəliz məsələyə çevrilib? Məsələni diqqətdə saxlayacağıq.
Maraq üçün bildirək ki, Tuluzada keçirilən Avropa birinciliyində həmyerlimiz Tural Allahverdiyev üçüncü yer uğrunda erməni rəqibini Ernest Hayrapetyanı 2:1 hesabı ilə məğlub etməklə bürünc medal qazanıb. Ancaq təəssüf ki, bu məlumat Sport7.az saytından başqa heç bir saytda işıq üzü görmədi. Həmin məlumatı da öz mənbələrimizdən əldə etmişdik. Nəzərə alaq ki, belə qələbələr son günlərdə cəbhədə yaşanan hadisələrə görə xalqımıza əlavə motivasiya verə bilər. Ancaq təəssüf ki, Ceyhun Məmmədovun rəhbəri olduğu qurumun saytının fəaliyyətsizliyi insanları belə şad xəbərlərdən məhrum edir.
Sport7.az