Azərbaycandan cinsi azlıqların təşkilatı olan Nəfəs LGBT bır sıra dərsliklərdə onların yanlış təqdim edildiyini iddia edərək, Təhsil Nazirliyinə müraciət ünvanlayıblar.
Qaynar.info həmin müraciəti təqdim edir:
"Bir müddət öncə təşkilatımız tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya fakültəsində tədris olunan “Ailə psixologiyası” adlı dərslikdə homoseksuallıq barədə tibbi əsaslara sığmayan səhvlər aşkar edilmişdir. Belə ki, 2015-ci ilin nəşri olan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən kitabda homoseksuallıq təhrif olunmuş (qeyri-normal) cinsi meyl pozuntusu, patologiya kimi göstərilmiş və zoofiliya, pedofiliya, nekrofiliya kimi digər patologiyalarla eyni sıraya qoyulmuşdur. Eyni zamanda bu halın psixopatlarda rast gəlindiyi qeyd edilmişdir. Kitabda homoseksualların xəstə insanlar olması barədə cümlə də yer alır.
“Nəfəs LGBT Azərbaycan Alyansı” 17 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə informasiya sorğusu yollamışdır. Sorğu homoseksuallığın rəsmi olaraq Səhiyyə Nazirliyi tərəfindən hansı formada təsbit olunmasını müəyyənləşdirmək məqsədini daşıyır. Sorğuya göndərilən 22 yanvar 2016-ci il tarixli rəsmi cavaba əsaslanaraq təşkilat bəyan edir ki, Təhsil Nazirliyinin bu nəşri birbaşa Azərbaycan Konstitusiya və cinayət məcəlləsində ziddir".
Səhiyyə Nazirliyinin rəsmi cavabda deyilir:
"Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT-10) çıxarılmışdır və artıq psixi pozuntu sayılmır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksuallıq xəstəlik kimi təsnif edilmir. Azərbaycanda 2005-ci ildən etibarən yeganə təsnifat kimi XBT-10 istifadə edildiyi üçün homoseksuallıq həkim tərəfindən psixi pozuntu forması kimi qeydə alına bilməz.
Homoseksuallıq adlı diaqnoz olmadığı üçün həkimlərin bu diaqnoz altında müalicə yazması, yaxud homoseksuallığı aradan qaldıra biləcəyini iddia etməsi qəbuledilməzdir. Eyni zamanda homoseksual insanlarda digər insanlarda da müşahidə olunan müxtəlif psixi pozuntulara (depressiya, şəxsiyyət pozuntuları, psixozlar və s.) rast gəlinə bilər. Bu səbəbdən oriyentasiyasından asılı olmayaraq psixi pozuntulardan əziyyət çəkən hər bir şəxs zəruri yardımı ala bilər."
Nəfəs LGBT Təhsil naziri Mikayıl Cabbarova ünvanladıqları müraciətlərində məsələnin ciddi şəkildə araşdırılmasını, dərslikdə gedən böyük xəta ilə bağlı müəllifin təkzib verməsini, elmi məlumatlara zidd olan bu kitabın satışdan və tədrisdən çıxarılmasını tələb edir.
Qaynar.info 



