Sumqayıt şəhər Corat qəsəbəsinin Nərimanov və Liman küçələrinin kəsişməsində antisanitariya vəziyyəti hökm sürür.
Bu barədə Qaynarinfo-ya həmin ərazidə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə, küçə sözün əsl mənasında ziblxananı xatırladır.
"Gətirib bura zibil qutuları qoyublar. Düz qapımızın ağzıdır. Üfunət iyindən edvə oturmaq olmur. Kimin əlinə nə keçdi gətirib atır bura. Kəsilmiş heyvanların içalatından tutmuş, ölü hevanlara qədər. Xəstəlik mənbəyinə çevrilib ərazi. Narkomanlarla küçə itləri də bir yandan. Gəlib atılan zibilləri eşələyirlər və daha dəhşətli mənzərə yaranır”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, dəfələrlər müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb:
"Hər dəfə bir bəhanə gətirilər. Bir də gördün qutuları götürürlər, amma iki gün sonra yenidən gətirib qoyurlar. Təmizlik Departamenti zibillərin yığılması üçün iki maşın ayırıb. Biz də bunun müqabilində pul ödəyirik. Yəni, zibili qapının ağzına qoyuruq, maşın gəlib toplayır. Amma indi zibil qutuları qoyublar deyə, bəzi sakinlər pul ödəmir və zibili həmin qutulara atır. Konkret olaraq Corat bağları, Əlağa Vahid və Arazbari küçələrində yaşayan sakinlər pulu ödəməkdən imtina edirlər. Beləliklə, Təmizlik Departamentinin işi axsayır. Pul ödənilmədiyinə görə maşınlar gəlmir. Əslinə qalsa bu qutulara ehtiyac yoxdur. Çünki Təmizlik Departamenti bunun üçün iki maşın ayırıb. Amma hansısa səbəbdən gətirib bu qutuları qoyublar və camaatın əsəbləri ilə oynayırlar. Dəfələrlə Corat qəsəbə icra nümayəndəliyinə şikayət etmişik, amma xeyri yoxdur. Burda adam var ki, evində xəstə var. Evdə oturmaq olmur iydən. Həmin qutuları başqa yerə köçürməyə yer də var. Amma bunu edən yoxdur. Bəzən zibilləri yandırırılar. Tüstü evin içinə dolur”.
Sakinlər bildirib ki, uzun müddətdir bu problem davam edir:
"Təmizlik Departamenti deyir ki, qutular bizim balansımızda deyil, icra nümayəndiliyinə deyirik, orda da bildirirlər ki, bizim balansımızda deyil. Bəs bu qutular kimin balansındadır? Kim qoyub onları bura?”.
Qaynarinfo məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən məsələni nəzarətə götürəcəkləri bildirilib.
Əməkdaşımız həmçinin Corat icra nümayəndəliyi ilə əlaqə saxlayıb. İcra nümayəndəsi Elvaris Əliyev isə zibil qutularını ərazidən götürmək səlahiyyətinin olmadığını bildirib:
"Bu qutular götürüləndə Corat bağlarında yaşayan sakinlər şikayət edir ki, zibili hara ataq. Yəni, belə qarışıq vəziyyət yaranıb. Biz oranı təmiz saxlamağa çalışırıq. Qutular götürüləndə gətirib zibili birbaşa yerə atırlar”.
Bununla belə, o uyğun formada problemin həllinə çalışacağını bildirib.
Sakinlər isə deyir ki, Corat bağları Sumqayıt bələdiyyəsinin ərazisidir: "Ona görə də orada yaşayanlar Sumqayıt bələdiyyəsinə müraciət etməlidir. Əslində Təmizlik Departamenti ora da maşın ayırıb. Sadəcə zibil qutuları bura qoyulandan orada yaşayanlar zibil maşınlarına ödəniş etmir. Beləliklə, bu qutular həm Təmizlik Departamentinin işinə maneə yaradır, həm də camaat əziyyət çəkir".
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat verilib. Nazirlik məsələyə operativ reaksiya verərək nümayəndələrini əraziyə göndərib. Sakinlər deyir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ərazini təmizləyib:
"Eyni zamanda oranı nəzarətə götürüblər. Dünən də, bu gün də əraziyə gələrək monitorinq aparıblar. Onlar üzərlərinə düşəni edirlər. Qutuları ərazidən götürmək isə onların səlahiyyətində deyil. Yenə də sağ olsunlar monitoriqn aparırlar, həm də özləri vəziyyətin nə yerdə olduğunu görürlər”.
Seyid