"Hətta bəzi araşdırmlar göstərir ki, insanlar evdən işləyərkən işə daha çox zaman ayırırlar”.
Bunu Qaynarinfo-ya açılamasında iqtisadi ekspert Natiq Cəfərli koronavirus pandemiyası dövründə ən çox diqqət çəkən məsələlərdən biri - insanların evdən işləməsinin üstünlüklərindən danışarkən deyib. Onun fikrincə, bu istiqamətdə Avropa və Amerikada müxtəlif araşdırmalar aparılıb:
"Bəzi ölkələrdə, əsasən də Şimali Avropa ölkələrində, bir sözlə vətəndaş məsuliyyəti daha yüksək olan yerlərdə evdən iş rejiminin ciddi effet verdiyi haqda araşdırmaların nəticələri var. Ofis işçiləri evdən işləyərkən onların faydalı iş əmsalı, yaxud da iş qabiliyyəti heç də aşağı düşməyib. Əksinə, hətta bəzi araşdırmlar göstərir ki, evdən işləyərkən işə daha çox zaman ayırırlar. Bəzi ölkələrdə isə bunun əleyhinə çıxış edirlər. Əsasən də Yunanıstan və İtaliya bununla bağlı müxtəlif araşdırmalar aparıldı və bu ölkələrdə evdən işləmək üçün faydalı iş əmsalının aşağı düşdüyü deyildi. Amma Almaniya, Norveç, Danimarka, İsveçdə bu əmsal daha yüksəkdir. Bu, həm də insanların davranış qaydalarından, həm də ümumilikdə görüləcək işin həcm və keyfiyyətndən asılıdır”.
Natiq Cəfərli Azərbaycanda isə vəziyyətin bir qədər fərqli olduğunu deyir:
"Azərbaycan iqtisadiyyatın öz spesfik sahələri var. Bizə ən böyük qazanc gətirən neft sənayesidir. Evdən işləyərək neft, qaz çıxarmaq olmaz. Ona görə də işçilər işdə olmalıdır. İkinci böyük sahə aqrar sahə və turizmdir ki, bunlarda da evdən işləmək olmur. Bu sahələrdə insanların fiziki olaraq işdə olması lazım. Amma bəzi sahələr var, məsələn, bankçılıq - burada evdən işləyərək problemləri həll etmək olar. Bəzi KİV-lər var ki, bunlar da evdən işləyə bilərlər. Belə sahələr var. Amma Azərbaycanın iqtisadiyyatı mədən sənayesi, əsasən aqrar və xidmət sahələri üzərində qurulubsa, bu evdən işləməyin effekt verəcəyini düşünmürəm. İqtisadiyyatın strukturu buna imkan vermir. İqtisadiyyatın özünün tələblərinə uyğun olaraq, Azərbaycanda da bu sahənin inkişaf edə biləcəyini düşünürəm”.
Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi karantin dövründə evdən işləyən şirkətlərlə bağlı araşdırma aparıbmı? Bu günə qədər neçə şirkət evdən iş rejimi tətbiq edib və etməkdə davam edir? Bu sualımıza nazirlikdən bildirildi ki, ƏƏSM sözügedən mövzuda heç bir araşdırma aparmayıb:
"Bizdə belə bir məlumat və statistika yoxdur”.
Bahar Rüstəmli