
Uşaq idim. Laçındakı həyətimizdə dərs hazırlayırdım. Qəflətən dəftərin ağ səhifəsində balaca bir cücü gördüm. O qədər balaca idi ki, balaca sözü onun yanında xeyli böyük görünürdü. Diyircəkli qələmin qoyduğu nöqtə hardasa iki bu cücü boydaydı. Cücü ağ səhifədə xeyli hərləndi. Onun səhifənin hansı küncünəsə gedib çıxması üçün azı on dəqiqə vaxt lazım idi.
Cücü ilə oynamağa başladım!
Qarşısına diyircəkli qələmlə düz xətt çəkdim. Cücü gəlib onun gözündə böyük hasar kimi görünün bu xəttə dirəndi – keçə bilmədi. Xəttin dibi ilə sağa hərəkət etməyə başladı. Xəttin başına çatanda 90 dərəcəli bucaqla onun qarşısına daha bir sədd çəkdim. Cücü bu səddə də ilişdi, buranı da keçə bilmədi! Amma xeyli əlləşəndən sonra vərəqin ağ yerini tapmağa nail oldu. Nədənsə vərəqin sol, yuxarı küncünə getmək istəyirdi. Hər dəfə azdırmağa çalışsam da, xilas olan kimi yenə istiqamətini bərpa edə bilirdi. Görünür orada onun müqəddəs böcək arzuları, böcək idealları vardı!Vərəqin ağ yerində cücüyə yenə aman vermədim, onu əvvəl yarımçevrəyə, sonra xətlərdən cızılmış nazik, dar boruya saldım. O, dar və nazik borunu başa vurub yenidən azadlığa çıxdı. Görməyəcəyi həddə iri bir çevrənin içinə saldım onu. Artıq özgür olduğunu zənn etsə də, nə vaxtsa gəlib beyninin hüdudlarından xeyli kənarda ondan çox-çox böyük olan çevrənin divarlarına ilişəcəkdi.
İlişdi də! Bu dəfə çevrə boyu hərəkət etməyib mərkəzə doğru qayıtdı. Böyük çevrənin ortasında daha kiçik bir çevrə cızıb böcəyi “həbs etdim”. Sonra necə oldusa dəftərimi qoyub harasa getdim, təxminən iki-üç saatdan sonra qayıdıb gəldim. Cücü hələ də həmin çevrənin içində vurnuxurdu.
Onda nə SSRİ dağılmış, nə Laçın alınmış, nə də Yaqub Məmmədov hakimiyyətə gəlmişdi. Təbii ki, Yaqub Məmmədov hakimiyyətə gəlmədiyi üçün İrana səfər də etməmişdi. Və İrana getmədiyi üçün o səfərdən qayıdıb məşhur ifadəsini işlətməmişdi.
Onda heç Kafkanı da oxumamışdım və onun məşhur qəhrəmanının çıxılmazlıqdan böcəyə, məhz böcəyə çevrildiyini bilmirdim.
Onda heç ağlıma gəlməzdi ki, nə vaxtsa tale bizi də həmin cücü kimi oynadıb sonda dəhşətli bir çıxılmazlıq girdabına salacaq.Və mən də Yaqub Məmmədovun fikrini bir az da inkişaf etdirəcəyəm: biz böyük çizgilərin cücüsüyük!
Çizgimizi çəkənlər çəkdi! Cücüdən ötəsi varsa adam bir dəfə də ona çevrilərdi, görək nə olurdu?!