Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.
Qaynarinfo xəbər verir ki, bunu R.Vəziroğlu özü bildirib.
Rövşən Vəziroğlu şəxsi "facebook” səhifəsində yazıb: "Hörmətli həmkarlar, Mən artıq iyunun 12-dən etibarən Dövlət Fitosanitar Xidmətinin (indiki Aqrar Xidmətlər Agentliyi) mətbuat katibi vəzifəsində çalışmıram. AXA-nın mətbuat katibi vəzifəsini hamımızın yaxşı tanıdığı Murtuzəli Hacıyev icra edir. AXA-nın fəaliyyəti ilə bağlı bütün suallarınızı Murtuzəli müəllimə ünvanlaya bilərsiniz. Sözümün canı odur ki, mən artıq işsizəm. Ya jurnalistika sahəsində (müxbir, admin redaktor, redaktor), ya da ictimaiyyətlə əlaqələr sahəsində (PR menecer, mətbuat katibi və s) hər hansı bir iş olsa, işləməyə və bütün təklifləri qəbul etməyə hazıram. Ümid edirəm ki, mətbuat katibi işlədiyim 3 il yarım (9 oktyabr 2015-ci il - 12 iyun 2019-cu il) müddətində həmkalarımla işimi qura bildim və heç kimin qəlbini qırmadım. Əgər kiməsə qarşı da kobudluq etdimsə, haqqını halal etsin”.
Məlumata görə, onu Kənd Təsərrüfatı Nazirliyinin keçmiş mətbuat katibi Murtuzəli Hacıyev əvəzləyib.
Qeyd edək ki, Murtuzəli Hacıyev uzun illər Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.