Xəbər lenti

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı yenilik -  Hansı dəyişikliklərə ehtiyac var?
Ekonomiks 14:18 24.06.2026

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı yenilik - Hansı dəyişikliklərə ehtiyac var?

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sistemində dəyişikliklər gözlənilir. Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bu sahədə yeniliklərin hazırlandığını açıqlayıb. 

Nəzərə alsaq ki, hazırda daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəyyən çətinliklər var. 

Bu sahədə ediləcək yeniliklərlərlə bağlı müəyyən suallar və müzakirələr yaranır. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı hansı yeniliklərə ehtiyac var?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda daşınmaz əmlakın icbari sığortası sistemi daha çox formal xarakter daşıyır. Sədrin sözlərinə görə, müəyyən edilmiş sığorta haqları mövcuddur və əsasən yalnız müəyyən şəxslər icbari sığortadan istifadəni könüllü sürətdə həyata keçiririrlər:

"Praktikada isə bu sahədə ciddi məcburiyyət mexanizmi yoxdur. Adətən təbii fəlakətlər və digər fors-major hadisələr baş verdikdə bu məsələ yenidən gündəmə gəlir və aktuallıq qazanır. Lakin bir müddət sonra yenidən unudulur. İcbari sığorta adından da göründüyü kimi, məcburi xarakter daşımalıdır. Bu isə ölkə üzrə bütün daşınmaz əmlak növlərinin sığortalanması deməkdir. Belə bir yanaşma həm də sığorta bazarının böyüməsinə və imkanlarının genişlənməsinə şərait yaradacaq. Sığorta bazarının imkanları artdıqca ödənişlərin daha əsaslı şəkildə həyata keçirilməsi və ödənişlərlə bağlı ictimai narazılıqların aradan qaldırılması mümkün olacaq".

Vüqar Oruc qeyd edib ki, ilk növbədə icbari sığortanın həqiqətən məcburi xarakter daşıması təmin edilməlidir:

"Sistemin təkmilləşdirilməsinə gəlincə, hər bir əmlak sığortalanmazdan əvvəl qiymətləndirilməlidir və onun bazar dəyəri müəyyən edilməlidir. Məsələn, 200 min manat dəyərində olan daşınmaz əmlakla 2 milyon manat dəyərində olan daşınmaz əmlak üçün eyni sığorta haqqının tətbiqi düzgün deyil. Çünki əmlakın dəyəri artdıqca risklər də artır".
 


Həmsöhbətimiz qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı regionlar üzrə də fərqli yanaşmaya ehtiyac var:

"Bakı və Abşeron bölgəsi ilə rayon mərkəzləri və digər ərazilər arasında əmlak bazarı və risk səviyyəsi baxımından fərqlər mövcuddur. Buna görə də spesifik yanaşma və peşəkar qiymətləndirmə mexanizmi formalaşdırılmalıdır. Əgər ölkədə bütün daşınmaz əmlakların qiymətləndirilməsi həyata keçirilərsə, bu, eyni zamanda qiymətləndirmə bazarının inkişafına da töhfə verər. Daha sonra isə həmin qiymətləndirmənin nəticələrinə uyğun olaraq icbari sığorta məbləğləri müəyyən edilə bilər. Lakin bu məsələdə mənim xüsusi yanaşmam var. Bir müddət əvvəl diferensial sığorta modelinin tətbiqi təklif olunmuşdu. Mən tam diferensiallaşmanın tərəfdarı deyiləm. Hesab edirəm ki, müəyyən baza həddi müəyyən edilməlidir və həmin həddə qədər olan əmlaklara standart icbari sığorta tətbiq olunmalıdır. Məsələn, Bakı şəhərində mənzillərin orta bazar qiyməti nəzərə alınaraq minimum hədd müəyyən edilə bilər. Bu hədd 200 min, 250 min və ya 300 min manat səviyyəsində müəyyənləşdirilə bilər. Həmin məbləğə qədər olan mənzillər üçün standart sığorta haqqı tətbiq edilməlidir. Məsələn, belə əmlaklar üçün illik 100 manat həcmində vahid sığorta haqqı müəyyən edilə bilər. Dəyəri daha yüksək olan daşınmaz əmlaklar isə ayrıca qiymətləndirilməli və onların bazar dəyərinə uyğun olaraq fərdi qaydada icbari sığorta haqqı hesablanmalıdır. Bu, həm ədalətli, həm də iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşma olar".

Vüqar Orucun sözlərinə görə, yeniliklər hazırlayarkən ölkədəki daşınmaz əmlakların əhəmiyyətli bir hissəsi hələ də qeydiyyata alınmadığını da nəzərə almaq lazımdır:

"Bunun əsas səbəblərindən biri daşınmaz əmlak reyestrinin tam formalaşmamasıdır. Ona görə də icbari sığortanın tətbiqindən əvvəl ölkənin vahid əmlak reyestrinin yaradılması və bütün daşınmaz əmlak obyektlərinin həmin reyestrdə əks olunmasının təmin edilməsi vacib şərtlərdən biridir. Bu istiqamətdə müəyyən addımların atıldığını görürük. Bildiyiniz kimi, daşınmaz əmlak kadastrının formalaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması prosesi həyata keçirilir. Hesab edirəm ki, bu mərhələdən sonra reyestrin yenilənməsi və tam formalaşdırılması istiqamətində də tədbirlər görüləcək. Məhz bu proses yekunlaşdıqdan sonra daşınmaz əmlakın icbari sığortasının ölkə üzrə tam şəkildə tətbiqi daha məqsədəuyğun olar.
 


Fikrimcə, dəyəri təxminən 200-300 min manat arasında olan daşınmaz əmlaklar üçün sabit sığorta haqqı müəyyən edilməlidir. Bu məbləğdən yüksək dəyərə malik əmlaklar üçün isə sığorta haqları qiymətləndirmə əsasında diferensial qaydada hesablanmalıdır. Məsələn, 300 min manatdan 1 milyon manata qədər olan əmlaklar üçün bir tarif, 1 milyon manatdan 2 milyon manata qədər olan əmlaklar üçün isə başqa tarif tətbiq oluna bilər. Bu cür mərhələli yanaşma həm ədalətli, həm də səmərəli olardı.
 
Mərkəzi Bankın bu sahədə hazırladığı yeniliklərə gəlincə, hesab edirəm ki, ilk növbədə daşınmaz əmlak reyestrinin formalaşdırılması vacibdir. Əhatəli reyestr yaradılarsa, sənədsiz evlərin də müəyyən qaydalar çərçivəsində sığorta sisteminə inteqrasiyası mümkün olar. Bununla yanaşı, əmlakların qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsinə də ciddi ehtiyac var".

"Bəzi vətəndaşlar hesab edir ki, sığorta hadisəsi baş verdikdə ödəniş almaq çətin olur. Bu fikir nə dərəcədə əsaslıdır və vətəndaşlarda inamın artırılması üçün hansı tədbirlər görülməlidir" sualına isə cavab olaraq həmsöhbətimiz bildirib ki, bu fikir müəyyən qədər əsaslıdır. Lakin bunun səbəbi sığorta şirkətlərinin ödəniş etmək istəməməsi deyil:

"Əsas problem ondan ibarətdir ki, hazırda sığorta bazarının həcmi məhduddur və şirkətlərin maliyyə imkanları geniş deyil. Nəticədə onların ödəniş qabiliyyəti də istənilən səviyyədə olmur. Bu səbəbdən bəzi hallarda sığorta şirkətləri ödənişlərin həcmini minimuma endirməyə çalışır, müqavilə şərtlərinə daha sərt yanaşır və vətəndaşların tələblərini tam şəkildə qarşılamaqda çətinlik çəkirlər. Lakin icbari sığorta həqiqətən məcburi xarakter alarsa və əhatə dairəsi genişlənərsə, sığorta şirkətlərinin büdcələri də böyüyəcək. Bu isə onların öhdəliklərini yerinə yetirmək və daha böyük həcmdə ödənişlər etmək imkanlarını artıracaq.
 


Əslində, sığorta şirkətlərindən daha yüksək xidmət keyfiyyəti və daha operativ ödənişlər tələb etməzdən əvvəl onların maliyyə dayanıqlığının gücləndirilməsi üçün zəruri şərait yaradılmalıdır. İcbari sığortanın real mənada məcburi tətbiqi də bu istiqamətdə vacib addımlardan biridir. Bu, bir tərəfdən vətəndaşların əmlakını təbii fəlakətlər və digər fors-major hadisələrdən qoruyacaq, digər tərəfdən isə ölkədə sığorta sisteminin inkişafına ciddi töhfə verəcək.

Bu baxımdan Mərkəzi Bank rəhbərliyinin sözügedən istiqamətdə yeni tədbirlərin hazırlandığını açıqlaması təqdirəlayiq addımdır. Hesab edirəm ki, bu proses əmlak reyestrinin formalaşdırılması ilə paralel şəkildə aparılmalıdır. Əks halda, reyestr tam formalaşmadan və daşınmaz əmlakların yalnız bir hissəsi icbari sığortaya cəlb olunarkən ölkədə tam və effektiv sığorta sisteminin yaradılması çətin olacaq".
 
Günay İlqarqızı

--> -->