
Daxili Qoşunlarda 9 il xidmət edən Samir Babayev redaksiyamıza müraciət edib.
Qarabağ uğrunda şəhid olmuş Qərib Babayevin oğlu Samir Babayev Qaynarinfo.Az-a müraciət edərək bildirib ki, mayor Kamran Vahabovun əli ilə onu hərbi qulluqdan uzaqlaşdırmaq istəyirlər:
"Mən 9 ildir ki, Daxili Qoşunların Bakı qarnizonunda müddətdən artıq xidmət edirəm. 1994-cü ildə atam Babayev Qərib Mədət oğlu Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bu ilin avqust ayında mən hospitalda stasionar müalicə alarkən Daxili Qoşunlarda qulluq edən mayor Vahabov Kamran sürücüləri təhqir edib, səbəbin soruşduqda daha da sərt cavab verdi. Mən də acıqlandım. O da hərbi hissə komandirinə zəng vuraraq məndən şikayət etdi. Hərbi hissə komandiri işi araşdıraraq ona xəbərdarlıq etdi.

Mayor Vahabov hərbi hissədə hər dəfə ayrı-ayrı hərbi qulluqçularla mübahisə edirdi. Söhbət böyüyəndən sonra mənə şiddətli töhmət verildi. Üstündən bir neçə ay keçdikdən sonra mayor Vahabov baş leytenant Qocayev Rafiqlə əlbəyaxa dalaşdı. Sonradan Komandanın qəbulunda olarkən məndən şikayət etmiş, olmayan bir şeylər demişdir. Bunun nəticəsində mənim xəbərim olmadan mənim iş yerimi Bərdə hərbi hissəsinə göndəriblər. Mən də gedib təqdim olunandan sonra, mən komandanın qəbuluna getmək istədim, məni qəbul etmədi. Komandanın müavinləri mənə bildirdi ki, ya Bərdədə xidmətini davam elə, ya da ərizəni yaz təxris olun. Mən də ərizəmi yazıb məzuniyyətə çıxdım. Çünki ailə vəziyyətim buna imkan vermirdi. Ümummilli lider Heydər Əliyevin imzaladığı şəhid ailələrinə edilən güzəştlərdən biri də şəhid ailələrinin yuxarı orqanlara qəbulu zamanı təxirəsalınmaz qəbul olunur. Bu da şəhid ailələrinə olunan hörmətsizlikdir...

Mən anamı yenicə itirmişəm, atamın anamın məzarı Bakıda yerləşdiyi üçün və mənə şəhid ailəsi olaraq dövlət tərəfindən verilən evin başsız qalmaması üçün Bakıda qulluq etmək istəyirəm. Bu hərbi peşəni sevib şəhid atamın yolunu davam etdirmək mənim arzumdur. Müharibə olarsa ön cəbhədə döyüşməyə canla-başla hazıram. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, siz həmişə şəhid ailələrinə böyük qayğı göstərmisiniz, bunu nəzərə alaraq bir şəhid oğlu kimi bu məktubu sizə ünvanlayıram. Ümidvaram ki, müraciətim cavabsız qalmayacaq".

Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidmətinin rəhbəri mayor Rəşad Sarıyev Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, Samir Babayev şəxsən özü raport yazaraq hərbi qulluqdan imtina edib:
"Hərbi qulluqçu istənilən yerdə qulluq etməyə hazır olmalıdır. Samir Babayev könüllü şəkildə hərbi qulluqdan imtina edərək bildirib ki,mən xidmət etmək istəmirəm. Öz raportuna əsasən də təxris olunub".
Pərvin Zeynal
Qaynarinfo.Az