Sumqayıt Şəhər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" informasiya sisteminə qanunsuz müdaxilə ilə bağlı cinayət işi üzrə hökm elan edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş materiallarına əsasən, təqsirləndirilən şəxs qohumlarının güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi "BOT" proqramı hazırlayaraq MİDA-nın "Güzəştli mənzil" informasiya sisteminə qanunsuz şəkildə müdaxilə edib.
O, informasiya texnologiyaları sahəsində biliklərindən istifadə etməklə sistemdə tətbiq olunan "Captcha" mühafizə mexanizmini avtomatik keçməyə imkan verən proqram hazırlayıb. Həmin proqram vasitəsilə iki nəfərin elektron kabinetindən dəfələrlə sistemə sorğular göndərilib. Nəticədə digər istifadəçilərin sistemdən istifadəsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və informasiya-kommunikasiya texnologiyaları sisteminin normal fəaliyyəti pozulub.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alır və qohumlarına kömək etmək məqsədilə internetdən əldə etdiyi məlumatlar və süni intellekt vasitəsilə proqram hazırlayıb.
Müttəhimin sözlərinə görə, məqsədi maddi gəlir əldə etmək olmayıb, yalnız dayılarının mənzil seçimində üstünlük qazanmasına kömək etmək istəyib. O, həmçinin bildirib ki, proqram işlədilsə də, sistem xəta verdiyi üçün mənzil əldə etmək mümkün olmayıb.
MİDA nümayəndəsi məhkəmədə ifadəsində bildirib ki, güzəştli mənzillərin satışı zamanı sistemə kənar proqramlarla müdaxilə edilməsi barədə şübhələr yarandığından müvafiq qurumlara müraciət olunub. Araşdırma zamanı 12 şübhəli istifadəçi kabinetindən sistemə avtomatlaşdırılmış sorğular göndərildiyi müəyyən edilib.
Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı şikayət və ya mülki tələbinin olmadığını, cəzanın təyin edilməsini məhkəmənin ixtiyarına buraxdığını bildirib.
Şahid qismində dindirilən qohumları da ifadələrində təqsirləndirilən şəxsin onlara kompüter vasitəsilə kömək edəcəyini bildirdiyini, lakin "BOT" proqramından istifadə etməsindən xəbərsiz olduqlarını söyləyiblər.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi (informasiya-kommunikasiya texnologiyaları sisteminin işləməsinə qəsdən ciddi maneə törətmə) ilə təqsirli bilib. Ona 4 min manat məbləğində cərimə cəzası təyin edilib.
Seyid
Şərhlər