"Deməyə sözümüz var” – məktəbli foto və video jurnalistika kursları” layihəsi Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən bu ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün məktəblilər arasında bilik və bacarıqların artırılmasından ibarətdir.
Dekabr ayında layihə çərçivəsində foto və video kurslarında iştirak edərək nəzəri biliklər almış şagirdlərin fəal qrupu həmin biliklərin praktiki tətbiqi üçün cəmiyyətimizdə müxtəlif istiqamətlərdə (sosial, idman, təhsil, ekologiya və s.) mövcud olan uğurlar və problemlər haqqında öz baxışlarını formalaşdırmaqdan ötrü foto və/və ya videoçarx hazırlamaq fəaliyyətin həyata keçirdilər. Təlimin məzunları özləri smart qurğularla (mobil telefonlar, foto/video apparat, palnşetlər və s.) ümumilikdə 2 ssenari üzrə videoçarx və 30 fotoşəkil hazırlanması üçün müfaviq fəaliyyətlər həyata keçirdilər.
Çəkilişlər Tovuzda və Bakıda yerinə yetirildi. Videoçarxların çəkilişində layihə çərçivəsində nəzərdə tutulduğu kimi əməkdaşlıq edilən "Azərbaycan Uşaqları” İctimai Birliyi təmənnasız olaraq, texniki və qismən insan resursları dəstəyini göstərdi.
Hazırlanmış və böyük ölçülü yüksək keyfiyyətlə çap edilmiş ümumilikdə 30 fotodan və 2 videoçarxdan ibarət materiallar geniş ictimaiyyətə nümayiş olunmaq üçün gələn ay Tovuz şəhərində sərgi təşkil olunacaq.
Layihənin sonuncu ayında ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq məqsədi ilə yekun prezentasiyanın keçirilməsi nəzərdə tutulub.