Bakı Dəmiryol Vağzalında başlayan və hələ də bitməyən təmir-tikinti işləri vağzalın xidmətindən istifadə edən sərnişinlərin işini xeyli çətinləşdirib. Bunu irtualaz.org-a ünvanlanan müraciətlər də göstərir.
Sərnişinlər bildirir ki, təmir işləri ilə əlaqədar çaşqın vəziyyətə düşürlər: “Vağzalın yan-yörəsi hasara alınıb. Giriş-çıxışlar bağlanıb. Kassaların yeri dəyişib, platformaya çıxmaq, harasa getmək, gələnləri qarşılamaq çətinləşib”.
Bu problemlərin nədən ibarət olduğunu yerində öyrənmək üçün Bakı Dəmiryol Vağzalına baş çəkdik.
Diqqətimizi ilk cəlb edən məqam kassaların yerinin dəyişdirilməsi, onların əvvəlkindən xeyli uzaqda olması oldu. Belə ki, bunun üçün vağzalın arxa tərəfinə keçib platformaların yanında yerləşən kassa zalına getmək lazımdır.
Kassa zalına gedən yolu isə tikinti gedən ərazidən başlayaraq zala qədər ox işarələri göstərir. Oxları izləyə-izləyə gedib çıxırıq kassa zalına.
Kassada növbə gözləyən və ölkədaxili qatarlara bilet axtaran sərnişinlərin fikrini öyrənirik.
Tamilla Abbaszadə adlı sərnişin deyir ki, ilk gəlişində kassanın yerini tapmaqda nisbətən çətinlik çəkib, amma bu, ikinci gəlişi olduğundan artıq kassaların yerinin dəyişdirilməsindən xəbərdardır.
Kassir Şəfa Abbasova isə deyir ki, bilet almağa gələn sərnişinlərin ciddi şikayəti ilə rastlaşmayıb.
Vağzalda təmir-tikinti işlərinin nə vaxt bitəcəyinə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirdi.
Nadir Əzməmmədov virtualaz.org saytına açıqlamasında bildirdi ki, tikintinin dəqiq nə vaxt başa çatacağı məlum deyil: “Dəmiryol Vağzalında əsaslı təmir işləri gedir, amma bu işlərin konkret nə vaxt başa çatacağı müəyyənləşməyib. Sadəcə gözlənilir ki, bu ilin sonuna başa çatsın. Təmirdən sonra vağzalda kassaların yeni yerləri müəyyənləşdiriləcək. Sərnişinlər üçün gözləmə zalı, kafe tikiləcək və wi-fi istifadəyə veriləcək. Ümumiyyətlə, vağzal tam Avropa standartlarına uyğun olacaq”.
Yada salaq ki, vağzalda təmir işlərinə ötən ildən başlanılıb.
Qaynar.info












