"Daha uzun dövrü əhatə edən yeni Vergi Məcəlləsi hazırlanması, yeni sənədə orta hesabla 10 il ərzində cüzi dəyişikliklər edilməsi məqsədəuyğun olar”.
Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsində irəli sürdüyü təkliflərə aydınlıq gətirərkən deyib. Deputatın sözlərinə görə, təklif edilən dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olunacaq:
"Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergiyə cəlb olunmayacaq. Digər dəyişikliyə görə, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə ödəniləcək aksiz dərəcələrinin artırılacaq. Həmçinin idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq. Çıxışım zamanı 3 il istifadə müddətinin 5 il ilə əvəz olunması və eləcə də nisbətən aşağı mühərrikli yeni avtomobillərin idxalı zamanı aksiz dərəcəsinin, verginin azaldılmasını təklif etdim. Avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, yeni istehsal olunan avtomobillərin idxal xərclərinin azaldılması, vergilərə yenidən baxılmasına ehtiyac var".
Vüqar Bayramov hesab edir ki, büdcə daxilolmalarında ƏDV-dən gələn daxilolmalar mənfəət vergilərindən gələn daxilolmalardan yenə də çoxdur:
"Biznes və sahibkarlar üçün qanunvericiliyin və qaydaların uzunmüddətli dövrdə stabil qalması daha vacibdir. İstər yerli, istər xarici sahibkar, iş adamı bunda maraqlıdır”.
Bahar Rüstəmli