
Millət vəkili Aydın Mirzəzadə Şəhidlər Xiyabanını ziyarət edib.
ANS PRESS-in məlumatına görə, deputat “20 Yanvar” faciəsinin qəhrəmanları İlham və Fərizənin Şəhidlər Xiyabanındakı məzarları üstünə gedib.
Millət vəkili ötən gün məzarlara qarşı edilən təhqiramiz hərəkətdən çox təsirləndiyi üçün məhəbbət simvolları olan şəhidlərimizin ziyarətinə yollanıb. Millət vəkili “Facebook” səhifəsində bildirib ki, şəhidlərin məzarları üzərinə çiçək qoyub.
“Bu gün 20 ədəd qərənfil alıb Şəhidlər Xiyabanına, İlham və Fərizənin qəbrinin üstünə getdim. Mən orda olanda Gəncədən yaşlı, nurani bir kişi də var idi. Dedi ki, hadisəni eşidib xüsusi olaraq onlara Quran oxumağa gəlib”.
Qeyd edək ki, millət vəkili şəhidlərimizin qəbrinin murdarlanmasını dəhşətli hadisə kimi qiymətləndirib: “20 Yanvar faciəsinin qəhrəmanları İlham və Fərizənin Şəhidlər Xiyabanındakı məzarlarının avqustun 21-dən 22-nə keçən gecə təhqir edilməsi bütün Azərbaycanı ayağa qaldırdı.
Belə bir hadisənin baş verməsi ağla gələn bir şey deyil. Azərbaycanda bütöv bir nəslin Qanlı Yanvar hadisənin ağrısı ilə böyüdüyü bir zamada şərəfsizin birinin aramızda yaşaması dəhşətli bir hadisədir.
Nə qədər şərəfsiz olmaq lazımdır ki, öz əcdadlarını təhqir edəsən, Azərbayanın simvollarının birinə çevrilmiş insanların son mənzilinə rəzalətlə yanaşasan.
Verilən məlumata görə hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıblar. Heç bir şübhəm yoxdur ki, onlar tapılacaqlar və ən ağır cəzalarını alacaqlar.
Bu gün mətbuatda bir nəfər İlham və Fərizənin ikinci dəfə qətlə yetirildiyini bildirib. Ancaq hesab edirəm ki, onların çirklənmiş şəkillərini mətbuatda yaymaqla onlar üçüncü dəfə qətlə yetirildilər. Bu dəfə mətbuatdakı məsuliyyətsiz qələm sahiblərinin fəaliyyəti ilə. Hər şey mətbuatda verilə bilməz, hər şeyi faş etmək olmaz, bunu başa düşmək elə də çətin bir iş deyil. Onların ismətini sağ qalanlar qorumalıdırlar.
Eyni zamanda hesab edirəm ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülməli, təzələnməlidir. Bağışlayın bizi, İlham və Fərizə!”.
Qaynar.info


