Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayev rüşvətə görə işdən çıxarılıb. 3 gün əvvəl Xəyyam Rzayev kabinetində rüşvət alıb və bu proses videoya çəkilərək “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə təqdim edilib.
Əkbər Hacıyev rəisi işdən qovub. Bundan sonra Xəyyam Rzayevin havadarları hərəkətə keçib. Deyilənə görə, Əkbər Hacıyevə Salyanın deputatı, keçmiş baş hərbi komissar Əliağa Hüseynov dirəniş göstərib. Əliağa Hüseynov Əkbər Hacıyevə kifayət qədər əzələ nümayiş etdirib. Lakin rüşvət videosu ortada olan Xəyyam Rzayevi Əkbər Hacıyev bağışlamayıb.
Xəyyam Rzayevlə Əliağa Hüseynovun qohumluq əlaqəsinin olduğu da bildirilir. "Yeni Musavat"ın məlumatına görə, artıq Rzayevin fəaliyyətinin yoxlanılmasına da başlanıb və 48 min manatlıq korrupsiya faktı ortaya çıxıb. Belə ki, Xəyyam Rzayev Şirvandakı Qaz İstismar Sahəsinin rəisi Anar Əhmədovun iştirakı ilə Adışirin Babaşovdan qardaşı Vurğunun vasitəsi ilə 48 min manat pul alaraq onun Hacıqabulun Ağacanlı kəndində yerləşən Quşçuluq fabrikinə qaz çəkiblər. Fabrikə Şirvan Qaz İstismar Sahəsinin balansında olan qaz xəttindən 1400 metr uzunluğunda 400 diametrlik boruyla qaz çəkiblər. Xəttin çəkilişində “Azəriqaz”ın texniki təmir şöbəsinin müdiri, əslən Salyanın Yolüstü kəndindən olan Cahid Hüseynov da iştirak edib. Hazırda xəttin istismar müddəti bitdiyi üçün balansdan siliblər. Faktiki isə Adışirin Babaşovun quşçuluq fabrikinə həmin boru ilə qaz bu gün də verilir. Vurğun Babaşov Xəyyam Rzayevdən borunun sənədini istəsə də, bu günə kimi ala bilməyib.
Məlumatlı mənbənin dediyinə görə, həmin boruya sənəd verilməsi silinməyə getdiyi üçün mümkün deyil. Salyanın mərkəzində yer üstü qaz boruları hamısı çıxarılaraq satılıb. Ona görə də Xəyyam Rzayevin fəaliyyətinin yoxlanılması onun həbsini qaçılmaz edir.
Hazırda depuat Əliağa Hüseynov Xəyyam Rzayevi xilas etmək üçün hərəkətə keçib. Deputatın çabalarının nəticə verib-verməyəcəyi də yaxın zamanlarda bəlli olacaq.
Qaynar.info