
“Ölkədə tıxac əlindən tərpənmək olmur. Bunun üçün regionların inkişafına diqqət ayrılmalıdır. Bu yaxınlarda sənaye parkı yaradıldı və vergidən azad edildi. Bu addımlar niyə regionlarda atılmır? Bu cür işlər regionlarda da aparılmalıdır”.
Qaynar.info-nun məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxış edərkən deyib. Q.Həsənquliyevin sözlərinə görə, Bakının inkişafına görə rayonlardan hamı bura axışacaq: “Rayonlarda da sahibkarlığın inkişafına diqqət artırılmalıdır. Məsələn, Naxçıvandan seçilən deputat kimi deyə bilərəm ki, orada minik avtomobili istehsal olunur. Həmin sahənin inkişafına təkan verilməlidir ki, avtomobillərdən istifadə edilsin. Gəncədə yük maşınlarını istehsal edən zavod var. Bu kimi zavodların inkişafına dəstək verilməlidir”.
Deputat çıxışında ordudan da danışıb: “Qəbələ RLS-in boşadılması Azərbaycanın uğurudur. Azərbaycanın potensialı ona imkan verir ki, güclü ordu yaradılsın. Güclü ordu olduğu təqdirdə torpaqlarımızı azad edə bilərik”.
Qaynar.info