Xəbər lenti

Deputat: Taksi sürücülərinə sərnişini mindirib-düşürmək üçün vaxt və şərait yaradılmalıdır
Ölkə 13:57 19.06.2026

Deputat: Taksi sürücülərinə sərnişini mindirib-düşürmək üçün vaxt və şərait yaradılmalıdır

"Taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların mövcudluğu deyil, bəzi hallarda sərnişinlərin təhlükəsiz və rahat şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün şəraitin kifayət qədər yaradılmamasıdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı taksi fəaliyyəti ilə bağlı qanunvericilikdə sərnişinlərin, xüsusilə həssas qrupların rahatlığının nəzərə alınmasının vacibliyini bildirib:

"Xəstə var, hamilə qadın var, hava şəraiti var. Bəzən elə hallar olur ki, taksi sürücüsü sərnişini düşürmək üçün məcburən müəyyən məsafədə dayanmalı olur və buna görə cərimə ilə üzləşir".

Onun sözlərinə görə, ictimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı:

"Bəzən xəstəxananın yanında belə sərnişini düşürmək üçün imkan olmur. Halbuki bəzi hallarda cəmi 2-3 dəqiqəlik dayanma kifayət edir ki, sərnişin rahat şəkildə avtomobildən düşsün".

Deputat həmçinin taksi sürücülərinin aidiyyəti qurumların tələbləri arasında yaranan ziddiyyətlərdən narazı olduqlarını bildirib:

"Bəzi hallarda nəqliyyat fəaliyyətini tənzimləyən qurumların yanaşmaları ilə yol hərəkəti qaydalarına nəzarət edən strukturların tələbləri arasında fərqlər yaranır. Eyni məsələ ilə bağlı fərqli yanaşmaların olması həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir". 

İbrahimqızı bildirib ki, taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər.
 
Vüqar
--> -->