
Referendum layihəsi irəli sürüldükdən sonra bəzi müxalifət partiyaları bu layihənin şərtlərindən narazılıqlarını ifadə ediblər. Onlar bununla bağlı, etiraz aksiyaları-mitinq keçirəcəklərini və təşviqat qrupu yaradacaqlarını bildiriblər.
Məsələ ilə bağlı "Qaynarinfo.Az"a danışan Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, müxalifətin hansı tədbir keçirəcəyi Yeni Azərbaycan Partiyasını maraqlandırmır: "Onlar bizim oponentlərimizdir və biz əvvəldən bilirdik ki , referendum layihəsinə mənfi münasibət göstərəcəklər. Ümumilikdə Azərbaycanda olan radikal müxalifət, iqtidarın atdığı bütün addımlara qarşı əks reaksiya verir. Ona görə də onların indiki referendumla bağlı etirazları gözləniləndir.
Aydın Mirzəzadə sözlərinə görə, Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun olaraq onlara şərait yaradılacaq: "Təbliğat kompaniyasında öz fikirlərini açıq şəkildə deyə biləcəklər. Amma onlar bilməlidir ki, bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. Bizim 700 minə qədər üzvümüz və milyonlara tərəfdarımız var".
Deputat qeyd edib ki, partiya daxilində tərəfdarlarımızla apardığımız müzakirələr və söhbətlər referendumda qələbə qazanacağımızı göstərir:"Seçki kompaniyasında YAP öz hüququndan istifadə edərək, prezident tərəfindən irəli sürülən layihəni müdafiə edəcək. Bunun cəmiyyətimiz üçün inkişafa aparan yeni bir stimul olduğunu bildirəcək. Qalib gələcəyimizə əminik. Seçki məcəlləsi imkan verdiyi müddətdən təbliğata başlayacağıq".
Xatırladaq ki, Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az