
Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Dərbəndə ezam olunmuş Qaynar.info-nun əməkdaşları Orxan Əzimov və Pərviz Əzimov Dərbənd Konserv Zavodunun girəcəyində maraqlı mənzərə ilə qarşılaşıblar.
Zavodun girəcəyinin yaxınlığında Azərbaycan Demokratik Respublikasının qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin şəkli yapışdırılıb. Yerli sakinlərin verdiyi məlumata görə, bu şəkil əvvəllər daha böyük formatda və daha yaxşı görünən yerdə asılıbmış, lakin sonralar kimlərsə Rəsulzadənin böyük portretini həmin yerdən çıxardıb. Buna görə sakinlər sadə formatda çap etdikləri bu və buna oxşar bir neçə şəkli zavodun ətrafında yapışdırıblar. Şəkillərin əksəriyyəti cırılıb və yalnız bu şəkil qalıb.
Əməkdaşlarımız həmçinin, Dərbəndin müxtəlif yerlərində Azərbaycan bayrağı, Qız qalası və Azərbaycanla bağlı digər atributları özündə əks etdirən əşyalar da müşahidə ediblər. Yaxın günlərdə Dərbənddən geniş reportajı təqdim edəcəyik.
Qeyd edək ki, Orxan Əzimov və Pərviz Əzimovun Dərbənd səfəri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tarixi izlər" layihəsi çərçivəsində baş tutub.
Qaynar.info



