
Ekspert: "Yeni qayda dərman bazarında azad rəqabəti məhdudlaşdıra bilər"
Azərbaycanda dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək. Təsdiqlənən yeni qaydaya əsasən artıq bütün apteklərdə dərmanlar eyni qiymətə satılacaq.
ANS TV-nin məlumatına görə, Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq etdi.
Yeni qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək. Tənzimləmə həm topdan, həm də pərakəndə satışa şamil olunacaq.
Qiymətlər dərman vasitələrinin istehsalına qoyulan xərc, yəni dərmanın dozası, ticarət qablaşdırması və miqdarı nəzərə alınmaqla təyin ediləcək. Konkret rəqəmin müəyyənləşdirilməsi üçün dərmanın müxtəlif ölkələrdə topdansatış qiymətlərinin müqayisəsi də aparılacaq.
Bir sözlə dərmanlar bundan sonra bütün apteklərdə eyni qiymətə satılacaq.
İqtisadçı-ekspert Məhəmməd Talıblının sözlərinə görə, yeni qayda dərman bazarında azad rəqabəti məhdudlaşdıra bilər:
“Dövlətin istər ərzaq malları, istərsə də dərman və dərman pereparatları üzərində nəzarəti həyata keçirməlidir. Amma bu nəzarət elə efektiv olmalıdır ki, qiymətlər sadəcə olaraq hər hansı bir dövlət orqanı tərəfindən diqtə olunmasını şərtləndirməsin. Bu daha çox qiymətin təyin olmasının təbii yollarla həllinə gətirib çıxarsın”.
Dərman satışı ilə bağlı tətbiq olunacaq yeni qaydaların apteklərə təsiri necə olacaq? Sualımıza şəhərəki əczaxanalarda "məlumatsızıq" cavabı verildi.
Lakin tibbi ekspertlər hesab edirlər ki, təsdiq olunan qaydalar ciddi nəzarət əsasında tətbiq olunmalıdır.
Tibbi-ekspert Adil Qeybulla hesab edir ki, elə şərait yaradılmalıdır ki, depolardan əczaxanalara dərmanlar pikso olunmuş qiymətə verilsin: "Bu mütləq təmin olunmaldır. Əgər qiymətlərə müdaxilə varsa, bu inzibati yolla tam şəkildə tənzimlənməlidir”.
Bu məsələnin həllinin tapşırıldığı Səhiyyə Nazirliyindən isə bildirirlər ki, yeni qaydanın ən qısa zamanda tətbiq olunması üçün layihə hazırlanır.
Qaynar.info