Xəbər lenti

Dərman bazarında özbaşınalığı kim yaradır?
Ölkə19:10 14.07.2015

Dərman bazarında özbaşınalığı kim yaradır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin dərman bazarında baş verən süni qiymət artımını sərt tənqid etməsi Səhiyyə Nazirliyini hərəkətə gətirib. Axar.az xəbər verir ki, bu gün nazirlikdə keçirilən geniş toplantıda sözügedən nöqsanlar səsləndirilib.
Nazir Oktay Şirəliyev çıxışında bildirib ki, ölkədə dərmanın qiyməti bazar tərəfindən tənzimlənir. Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb olub. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub.
Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları daha rahat şəkildə ala biləcəklərini qeyd edib.
İqtisadçı-ekspert Vüqar Bayramov isə ölkədə dərman bazarında yaşanan böhranın səbəbini bir neçə nüansda görür: “Dərman preparatları ilə bağlı ölkə prezidenti qeyd etdi ki, sahibkarın mənfəət əldə etməsi vacibdir. Amma 100, 200, 300 faiz gəlir əldə etməsi yolverilməzdir. Qiymətlərin tənzimlənməsi ilə bərabər keyfiyyətin yüksəldilməsinə də ehtiyac var. Dövlət başçısının qeyd etdiyi məsələlərdən biri də keyfiyyətsiz dərman preparatlarının sifariş verilməsi və onların daha yüksək qiymətə satılması idi. Əvvəla xüsusi keyfiyyət standartlarının müəyyənləşdirilməsinə ehtiyac var. Ölkəyə keyfiyyətli dərman preparatları gətirilməlidir. Bizim apardığımız tədqiqatlar da göstərir ki, dərman preparatlarının ölkəyə idxalı ilə məşğul olan şirkətlər adətən daha ucuz və keyfiyyətsiz dərman preparatları sifariş verirlər. Bununla da az pul ilə daha çox gəlir götürmək istəyirlər. Buna görə də konkret keyfiyyət meyarları müəyyənləşməlidir. İkinci olduqca vacib məqam isə ondan ibarətdir ki, biz öncədən də təklif etmişdik ki, elektron baza yaradılsın. Hər bir dərman preparatlarının istehsal olunduğu ölkədə xərci hesablansın, buna da uyğun olaraq 15 faiz mənfəət norması ilə ölkədə satılsın. Bu, ölkədə dərman preparatlarının qiymətlərinin sabitləşməsinə imkan verə bilər. Eyni zamanda sahibkarlar da çalışacaq ki, daha ucuz qiymətə keyfiyyətli dərman preparatları ölkəyə gətirilsin. Uzunmüddətli dövrü qiymətlərin aşağı səviyyədə saxlanılması üçün dərman bazarında rəqabətin gücləndirilməsinə ehtiyac var. Şirkətlərin sayı artırılmalı, yerli istehsal təşkil olunmalıdır. Bu, çox vacibdir. Türkiyə təcrübəsi göstərdi ki, yerli istehsalı formalaşdırmaqla dərman preparatlarının qiymətini endirmək olar. Bunu üçün Azərbaycanda xammal bazası da var”.
Xatırladaq ki, İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında dərman bazarında baş verən hərc-mərcliyi sərt tənqid edib. Prezidentin sözlərinə görə, bu sahədə qiymətlər süni şəkildə qaldırılır, həkimlərin məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Prezident bildirib ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır.
Qaynar.info