Manatın devalyasiyasına baxmayaraq hökümət nümayəndələri süni bahalaşmanın qarşısının alınacağını və möhtəkirliyə qarşı sərt tədbirlər görüləcəyini bəyan etdilər.
Qaynar.info-nun verdiyi xəbərə görə, Prezident İlham Əliyevin də rəsmi xəbərdarlığından sonra artıq bir sıra nazirlklər bu istiqamətdə hərəkətə keçiblər.
Bütün bunlara baxmayaraq, hələ də bəzi obyektlərdə qiymətlərlə bağlı möhtəkirlik davam etməkdədir. Bu cür hallarla bağlı gün ərzində Qaynar.info-ya da müxtəlif şikayətlər daxil olmaqdadır. Növbəti şikayət Razin qəsəbəsinin sakini Fətullah Əzimovdan daxil olub.
Onun redaksiyamıza ünvanladığı şikayətdə Razində yerləşən "Aptek Həyat"dan şikayət olunur.
Şikayətçinin bildirdiyinə görə, burada əvvəl 13 manat 40 qəpikə aldığı dərmanı indi 16 manat 75 qəpiyə almaq məcburiyyətində qalıb. Dediyinə sübut olaraq, aptekdən ona verilən çeki də redaksiyaya təqdim edib.
Qeyd edək ki, manatın məzənnə dəyişikliyindən sonra ölkənin ən böyük dərman deposu olan Avromed şirkəti də daxil olmaqla, bütün firmaların dərmanların qiymətini bahalaşdırdığı haqqında xəbərlər yayılmışdı. Depolardan apteklərə çıxan dərmanların qiymətində 24 faiz artım olduğu bildirilirdi.
Bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, məsələnin həlli istiqamətində artıq tədbir görülüb: “Firmalar tərəfindən dərmanların satış qiymətinin artırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatların satış qiyməti əvvəlki vəziyyətə qaytarılıb”.
Amma göründüyü kimi, rəsmi vədlərə baxmayaraq, dərman möhtəkirliyi hələ də davam edir.
Qaynar.info
