Xəbər lenti

“Devalvasiya... Vəziyyətin daha da ağırlaşmasını gözləməyin mənası yoxdur" (EKSPERT)
Ekonomiks10:44 09.03.2020

“Devalvasiya... Vəziyyətin daha da ağırlaşmasını gözləməyin mənası yoxdur" (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Devalvasiya qaçılmazdırsa, buna indidən getmək lazımdır. Vəziyyətin daha da ağırlaşmasını gözləməyin mənası yoxdur".
Bunu iqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya neft qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı verdiyi açıqlamasında deyib. O bildirib ki, mövcud vəziyyət il sonuna qədər davam etsə, Azərbaycan iqtisadiyyatında böyük təlatümlər baş verəcək.
"Əslində ucuzlaşmaya təsir göstərən bir neçə amil oldu. Təbii ki, virusun da təsirləri var. Dünyada iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib. Son 2 ay ərzində dünya turizmində 35 faizə yaxın azalma olub. Ən böyük təsirlərdən digəri isə OPEC və Rusiya arasında hasilatın azaldılması ilə bağlı razılaşmanın əldə edilməməsidir. Təbii ki, hər bir ölkənin öz maraqları olduğundan bu uzlaşma baş vermədi. Neftin kəskin ucuzlaşması da məhz bu iki əsas xəbərin fonunda gerçəkləşdi. Düşünürəm ki, qiymətlərin düşməsi bir müddət qalıcı olacaq. Çünki Rusiyanın öz strateji hədəfi var. Amerika istehsalçıları qiymətlər yuxarı olanda hasilatı kifayət qədər artırır. 2016-cı ildə gündəlik hasilatı 8,6 milyon barel olan ABŞ-ın bugünkü hasilatı 13,1 milyon barelə çatıb. Qiymətlərin aşağı salınması ilə Rusiya Amerikadakı plant neft istehsalçılarının müflis edilərək bazardan çıxarılmasına çalışır.
Qiymət koridorunun bu il ərzində 30-40 dollar arasında gedib gələcəyini düşünürəm. Bu da Azərbaycana kifayət qədər ciddi ziyan vuracaq. Həm mənfi saldo yaranacaq, həm Neft Fondunun büdcəsinin fomalaşmasında böyük problemlər yaşanacaq və bu il büdcə parametrlərini tutuşdurmaq mümkün olmayacaq. Azərbaycan manatı neftdən birbaşa asılıdır, yəni manata kağız neft də demək olar. Bu səbəbdən devalvasiya təhlükəsi yaranır. Bu fonda hökumət indiki gözləmə mövqeyində dayanmamalı, təcili tədbirlər görməlidir. Vəziyyətin daha da ağırlaşmasını gözləməyin bir mənası yoxdur. Əgər manatın devalvasiyasını saxlamaq mümkün deyilsə, bunu uzatmaq lazım deyil. Qaçılmaz itkilər varsa, indidən getmək lazımdır. İqtisadi canlanmanı daxili resurslar hesabına təmin etmək istiqamtində də müəyyən addımlar atılmalıdır. Amma təəssüf ki, Azərbaycan dünyada neftdən ən çox asılı olan 3 ölkədən biridir. Qiymətlər ən azı bu ilin sonuna qədər qalıcı olsa, Azərbaycan iqtisadiyyatında böyük təlatümlərin gözlənilməsi ehtimalı təəssüf ki, yüksəkdir. Müstəqil ekspertlərin, hökumət nümayəndələrinin iştirakı ilə böhran masası qurulmalı və daimi fəaliyyət göstərərək təkliflər paketi hazırlanmalıdır".
Çingiz Səfərli