Xəbər lenti

Dəyişiklik baş verməsə, faciələrimiz həndəsi silsilə ilə artacaq... - Ekoloji tarazlıq
Ölkə09:19 08.10.2021

Dəyişiklik baş verməsə, faciələrimiz həndəsi silsilə ilə artacaq... - Ekoloji tarazlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanmışdır)
İnsan da daxil bütün canlı aləmin həyat və fəaliyyəti bütünlüklə təbiətlə bağlıdır. Təbiətin, ətraf mühitin ekoloji cəhətdən təmiz olması canlı aləmin yaşaması və inkişafında mühüm rol oynayır. Bunun üçün isə ətraf mühitin çirklənməsi minimuma endirilməli və təbii sərvətlərdən səmərəli istifadə olunmalıdır. Son bir əsrdən çox  müddət ərzində planetimiz əhəmiyyətli dərəcədə dəyişib. Dünya elmi-texniki tərəqqi dövrünü yaşayır. İqtisadiyyatın inkişafı, demoqrafik artım, iqlim dəyişmələri və digər səbəblər həmçinin ətraf mühitə mənfi təsirin artması ilə nəticələnib. 
Bəşəriyyətin gətirdiyi elmi-texniki inqilabla yanaşı, son dövrlər planetin ekoloji tarazlığı da pozulmağa başlayıb. İndi olduqca təhlükəli ekoloji fəlakət astanasındayıq. Ətraf mühitə sağalmaz yaralar vuran avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. sahələr bir sıra təbii ehtiyatların tükənməsi ilə nəticələnib. Meşə resurslarının tükənməsi, torpağın neft və digər tullantılarla çirklənməsi, içməli su mənbələrinin yararsız hala salınması ekologiyamıza dəyən ziyanın müəyyən bir hissəsidir. 
Aparılan tədqiqatlar göstərir ki, hazırda Azərbaycanda müşahidə edilən əsas ekoloji problemlər aşağıdakılardır: 
Ölkəmizdə su ehtiyatı həddən artıq çirklənib. Bu xüsusda Xəzər dənizini göstərmək olar. Dəniz sənaye və məişət tullantıları ilə çirkləndirilib. Bundan başqa atmosfer havasının çirklənməsi, torpağın deqradasiyaya uğraması, erroziya və şoranlaşması, məişət və sənaye, təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, biomüxtəlifliyin, o cümlədən, flora, fauana ehtiyatlarının tükənməsi, meşə və yaşıllıq sahələrinin miqyasının azlığı müşahidə olunur. Digər tərəfdən, hərbi konfliktlər nəticəsində ətraf mühitə dəyən ziyanlar da əsas ekoloji problemlərdəndir. 
Qeyd edək ki, görülən işlər nəticəsində artıq Azərbaycan ərazisinin 12 faizi meşə ilə örtülüb. Respublikada 10 Milli Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur.
Bununla belə, hələ də ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görüləsi işlər yetərincədir. 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirir ki, dünyada olduğu kimi, Azərbaycanda da mövcud ekoloji problemlərin hələlik çox az hissəsi həll olunaraq aradan qaldırılıb: 
"Ölkəmizdə ən problemli məsələlərdən biri olan hərbi texnogen landşaftlar artıq bərpa olunmaq fazasındadır. Qeyd edim ki, atılan hər bomba, yeriyən tank, qrad mərmiləri, qazılan səngərlər hərbi texnogen landşaftt sayılır. 27 illik işğal və bu müddət ərzində baş verən hərbi toqquşmalar nəticəsində ölkəmizin böyük bir hissəsinin sıradan çıxan torpaq mühiti, heyvanat, bitki aləmi, meşələri, coğrafi mühiti artıq bərpa olunmaq üzrədir. Ümumiyyətlə, işğal dövründə Azərbaycana 300 milyard manatlıq ziyan dəyib ki, ondan da ən çox təbii mühit zərər görüb. Nəticədə həmin bölgədə hərbi texnogen landşaft sıradan çıxıb ki, onun da bərpasına milyardlarla manat pul və bir neçə 10 il vaxt lazımdır. Atılan hər mərmi təkcə torpaqda 5-10 metrlik quyu açmır, ətrafdakı bütün bitki aləmi məhv olur, havaya çoxlu miqdarda kükürd qazı buraxır. Nəticədə onilliklər ərzində insanın və təbiətin sağlamlığına ziyan vurur”. 
Həmsöhbətimiz onu da qeyd edir ki, işğal dövründə ermənilər və onların havadarları tərəfindən çoxlu faydalı qazıntı, xüsusən də qızıl yataqlarımız talan edilib:
"Kəlbəcərdəki 113 tonluq Söyüdlü yatağını ermənilər kütləvi surətdə məhv ediblər. Bura ermənilər milyon tonlarla çirkli tullantı atıblar. Bu ərazinin bərpası, təbiətini ilkin vəziyyətə qaytarmaq üçün xeyli miqdarda vəsaitə ehtiyac var. Səhv etmirəmsə, işğal dövründə yeddiyə yaxın qızıl yatağımız ermənilər tərəfindən müxtəlif illərdə talan olunub. Bunların hamısı təbiətimizə vurulan təkrarolunmaz ziyanlardır. Qarabağın elə guşələri var idi ki, başdan-başa qoruq, nəhəng təbiət beşiyi idi. Amma işğal prosesi, gedən müharibə, atılan toplar, raketlər, qradlar və talanmış sərvətimiz ekoloji vəziyyətin pozulmasına gətirib çıxardı. Belədə işğal dövrünün ölkəmizin ekologiyası da daxil bütün sferasına vurduğu ziyanın həcmi trilyon manatlarla ölçülür. Bu ərazilərdə ekoloji tarazlığın bərpasına yəqin ki, onilliklər lazım gələcək”. 
Ənvər Əliyev deyir ki, Kür-Araz ovalığı güclü şoranlaşma ilə üz-üzədir: 
"Kür-Araz ovalığı torpaqlarımız bir zamanlar suyun daşmasından əziyyət çəkirdi. Kür ram edildikdən sonra isə sudan və təbiətdən nizamsız, vəhşicəsinə istifadə edildi ki, nəticədə torpaqlar şoranlaşdı. Bunun nəticəsi olaraq həmin ərazidə böyük bir hissə şoranlaşaraq dövriyyədən çıxıb. Bu ərazinin yenidən dövriyyəyə qaytarılmasına isə milyonlarla dollar pul və ən başlıcası ağıllı, düşüncəli, nöqsanların bir daha təkrarlanmaması üçün peşəkar münasibət sərgilənməlidir. Bir sözlə, əldə etdiyimiz vəsaitin böyük əksəriyyətini yenidən təbiətə qaytarmalıyıq ki, növbəti dəfə onun bəhrəsindən yararlana bilək”. 
İnstitut əməkdaşı paytaxt Bakının ekoloji vəziyyətinin də acınacaqlı olduğunu diqqətə çatdırdı: 
"Ölkədə mövcud olan 1,7 milyon nəqliyyat vasitəsinin böyük hissəsi Bakıda cəmlənib. Avtomobillərdən çıxan karbon, kükürd oksidlərinin atmosferə atılması ilə şəhərin ekoloji durumu daha gərgin vəziyyət alıb. Şəhərdəki səs-küyün də insan sağlamlığına mənfi təsirləri var. Vaxtilə hər növ balığın olduğu, dünyanın ən məşhur nərə balığının vətəni olan Bakı buxtası, Xəzər dənizi indi balıq üzünə həsrətdir. Yalnız süni göllərdə yetişdirilən balıqlar hesabına yaşayırıq. 
Bütün bunlar onu göstərir ki, ekoloji tarazlığın pozulması nəticəsində yaranan planetar faciənin müəyyən bir hissəsi Azərbaycanın payına düşür. Yaranmış vəziyyətlə əlaqədar olaraq insan təbiətə münasibətində ciddi dəyişiklik etməlidir. Dəyişiklik baş verməsə, faciələrimiz həndəsi silsilə ilə artacaq”. 
Ağlagəlməz risklər
"Son 10-15 ildə ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərin həcminə görə Azərbaycan irəlidə gedən ölkələrdəndir”, - deyən ekoloq Müslüm Qurbanovun fikrincə, buna baxmayaraq, ətraf mühitin vəziyyəti hələ də qənaətbəxş deyil: 
"Bakıda avtomobil tullantıları bütün tullantıların ümumi həcminin 84 faizini təşkil edir. Havanın tozluluq dərəcəsi əksər günlərdə orta həddən 3-4 dəfə artıq olur. Yaşıllılıqlar da məhv edilir. Adambaşına düşən yaşılılığın miqdarı 3-4 dəfə azdır. 
Ölkənin ətraf ərazilərində torpağın deqradasiyası, əkinçiliyin qeyri-elmi səviyyədə idarə olunması, suvarmada müşahidə olunan güclü su itkisi, ağacların məhv edilməsi, məişət tullantılarının yaratdığı risklər ağlagəlməz dərəcədədir. Balaxanıda zibilyandırma zavodu tikilsə də, rayonlarda məişət tullantıları ilə bağlı vəziyyət daha acınacaqlıdır. Ölkəmiz turizmin inkişafını prioritet götürüb. Amam buna baxmayaraq, turizm əraziləri çirkab, məişət tullantıları ilə zibillənir. Bir sözlə, ekoloji tarazlığın bərpası məsələsi ölkənin ümumi inkişaf səviyyəsindən geri qalır”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.