Xəbər lenti

DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektorunun cəzası azaldıldı
Ölkə 20:21 25.06.2025

DGK-nın rüşvət almaqda ittiham edilən sabiq baş inspektorunun cəzası azaldıldı

Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaratmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin sabiq baş inspektoru Cəmil İsmayılov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin ittiham olunduğu 311.3.2-ci maddə 311.2-ci maddəyə tövsif edilib və aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Cəmil İsmayılovun cəzası 8 il 6 aydan 7 il 6 aya endirilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil İsmayılov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, təqsirləndirlən Cəmil İsmayılov Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Cəmil İsmayılovun 2022-ci ilin avqust-oktyabr aylarında hava limanı ilə ölkəyə gətirilən qızıl-zinət əşyalarının gömrük ödənişlərinə cəlb olunmadan qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün rüşvət müqabilində bir qrup şəxsə köməklik göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->