
İki yuz ildən artıq sürən rus istilası hər nəsnəmizdə olduğu kimi dilimizdə də dərin izlər qoyub. Onların bəzilərini çözələyək.
Azəri türkcəsində olan bir sıra səslər rus dilində yoxdur. Qeyrı dillərdən alınmış, tərkibində həmin səslər olan bir çox sözləri biz rus dilində olduğu kimi ifadə eləyirik. Halbuki, orijinalda olduğu kimi işlətməyimiz gərəkdir. Bunu “h” səsinin misalında göstərək. Rus dilində bu səs olmadığından onu gah “х”, gah da “г” ilə əvəz eyləyirlər, bəzən isə heç ifadə eləmirlər. Biz isə bu qism sözlərı orijinalda olduğu kimi işlətməliyik:
“Xirosima” yox, “HİROSİMA”;
“xuliqan” yox, “HULİQAN”;
Vest Xem” yox,“VEST HƏM”;
“xet trik” yox, “HƏT TRİK”;
“qarmon” yox, “HARMON”;
“qonorar”yox, “HONORAR”;
“gerb” yox, “HERB”;
“gigiyena” yox, “HİGİYENA”;
“qoroskop” yox, “HOROSKOP”;
“Ellada” yox, “HELLADA”;
“otel” yox, “HOTEL” və başqaları.
Bəzən bizimkilər “x” əvəzinə “h” yazırlar. Orijinala adi bir baxış göstərir ki,
“Münhen” yox, “MÜNXEN (München);
“Münhauzen” yox, “ MÜNXGAUZEN” (Münchgauzen) olmalıdı.
“Ö” səsi bir sıra xarici mənşəli sözlərdə səhvən “e” ilə əvəz olunur. Belə ki, “Rentgen” yox, “RÖNTGEN”;
“Anqstrem” yox, “ANQSTRÖM”;
“Şredinger” yox,“ŞRÖDİNGER”;
“Onore de Balzak” yox, “ONORE DÖ BALZAK”;
“le Şatelye” yox, “LÖ ŞATELYE” olmalıdır və s.
Ingilis dilində “a” hərfi bir sıra hallarda “ə” kimi oxunur. Ruslar bunu “e” ilə ifadə eləyirlər. Biz də dilimizdə “ə”-nin olmasının fərqinə varmadan rusları təkrar edirik. Belə ki,
“Bekxem” yox, “BEKHƏM”;
“Rembo” yox, “ RƏMBO”;
“Kelvin” yox, “KƏLVİN” olmalıdır və neçə belə misallar. Sabiq xanım səfirin “Enn Dersi” kimi təqdim edilən adı əslində “ƏN DÖRSİ”di.
“Ei” birləşməsi alman dilində “ay” kimi səslənir. Belə ki, “Heyne” yox, “HAYNE”;
“Heyzenberq” yox, “HAYZENBERQ”,
“reyx” yox, “RAYX” olmalıdı və s.
İngilis və fransız dillərində iki eyni yanaşı samitin biri oxunur. Buna görə də ruslardan fərqli olaraq “dollar” yox, “DOLAR”; “kassa” yox, “KASA”; “missis” yox, “MİSİS”; “Manxetten” yox, “MANHƏTƏN”; “Mopassan” yox, “MOPASAN” və s. ifadə eləməliyik.
“CAMPANİYA” (“CAMPAİGN) və “COMPANİYA” (“COMPANY”) sözləri tez-tez qarışdırılır.
Ruslar bəzən xarici dillərdən alınma sözlərdə c-ц əvəzləməsi aparırlar: »вице», «цикл», «центр» və s. Bizsə
“vitse” yox, “VİSE”;
“tsikl” yox, “SİKL”...deyıb də yazmalıyıq.
Rusvari “standart”, “kart”-deyə ifadə elədiyimiz sözlər əslində “d” ilə bitir.
Ruslar kimi “g” ilə ifadə elədiyimiz “Argentina”, “ginekoloq”... sözləri əslində “j” ilədir: “ARJENTINA”, “JINEKOLOQ” və s. “”Agentlik”- “agent” “AJANS”-“AJAN” kimi olmalıdır.
Ruslar bir sıra hallarda əcnəbi mənşəli sözlərdə “j”-“y”, “t”-“f” əvəzləməsi aparirlar. Bizsə “obyekt”, “subyekt”, “proyekt”, “Yaponiya”, “İordaniya”, yox,““OBJEKT”, “SUBJEKT”, “PROJE”, “JAPONİYA”, “JORDANİYA”; “Efiopiya”, “Afina” yox, “ETİOPİYA”, “ATEN” deməli və yazmalıyıq.
Rusvari ifadə elədiyimiz “av”-lı sözləri (“avtomat”, “avtomobil”, “Avstraliya”... sıvıl dünya kimi işlədək:”OTOMAT”, “OTOMOBİL”...
Kliplərdə gah “oranyeman”, gah “aranyiman” kimi verilən söz əslində “ARANYEMAN”dır (arrangement).
“Kosmos”, “kosmonavt” sözlərini dünyada ancaq MDB-də işlədirlər. Bunları ”UZAY”, “ASTRONAVT” deyək. Rusvari ifadə elədiyimiz “raket” sözü əslində “roket”di.
Bir sıra sözlərdə “k”-nin yanlış olaraq “g” ilə əvəzlənməsi baş verir:”İsgəndər”, “əsgər”, “nigah” əslində “İskəndər”, “əskər”, “nikah”-dır.
Rus dilindən götürülən bir sıra sözlərin dilimizə qələt tərcüməsi yayılıb. Bunlardan ən başıbəlalısı “старший”-dir. Bir çox hallarda bu söz dilimizə səhvən “baş” kimi çevrilir. Halbuki “baş”-«главный»-dır. Odur ki, “baş leytenant”, “baş müəllim”, “baş müstəntiq”, “baş mütəxəssis”, “baş müfəttiş”...yox, müvafiq olaraq “BÖYÜK LEYTENANT”, “BÖYÜK MÜƏLLİM”, “BÖYÜK MÜSTƏNTİQ”, “BÖYÜK MÜTƏXƏSSİS”, “BÖYÜK İNSPEKTOR”...olmalıdır.
Digər səhv cevrilən söz dilimizdə “ixtisaslaşdırılmış” deyə özünə yer alan «специализированный»-dır. Əslində “xüsisiləşdirilmış” olmalıdır. Çünki “ixtisaslaşdırılmış”- «квалификацированный»-dır. Deməli, “ixtisaslaşdırılmış şura”, “ixtisaslaşdırılmış sərgi”, “ixtisaslaşdırılmış olimpiya idman məktəbi”, “orta ixtisas məktəbi”, “peşə-ixtisas məktəbi” (axırıncı sarsaq deyim hətta Təhsil Qanununa düşüb)...deyimləri əslində “XÜSUSİLƏŞDİRİLMİŞ ŞURA”, “XÜSUSİLƏŞDİRİLMİŞ SƏRGİ”, “XÜSUSİLƏŞDİRİLMİŞ OLİMPİYA İDMAN MƏKTƏBİ”, “ORTA MƏXSUS MƏKTƏB”, “PEŞƏVİ-MƏXSUS MƏKTƏB”...olmalıdır.
SSRİ dövründə “Министерство высшего и средного специального образования» - ны bizlərdə nadancasına «Ali və orta ixtisas təhsili nazirliyi” kimi çevirirdilər. Halbuki bunun yanlış olduğunu anlamaq üçün, məsələn, Özbəkistandan gələn çoxsaylı ədəbiyyat və sənədlərdə “Oli ve orta mexsus tehsil ministrlinqliyi” yazılmasına ani nəzər salmaq yetərdi.
Adi bir analiz göstərir ki, dilimizdə yer almış “elmi-tədqiqat institutu”, “təcrübi-konstruktor işi”, “elmi-ictehsalat birliyi”, “elmi-tədris mərkəzi”...kimi ifadələr əslində “ELM-TƏDQİQAT İNSTİTUTU”, “TƏCRUBƏ-KONSTRUKTOR İŞİ”, “ELM-İSTEHSALAT BİRLİYİ”, “ELM-TƏDRİS MƏRKƏZI”...şəklində olmalıdır.
Mənsubiyyət şəkilçili ifadələrdə uzlaşmanın pozulmasına başqa misallar: “крупно-рогатый скот» “iri buynuzlu mal-qara” yox, “BUYNUZLU-İRİ MAL-QARA”, «художественно-изобразительное средство» “bədii təsvir vasitəsi” yox, “BƏDİİ-TƏSVİRİ VASİTƏ” şəklində ifadə olunmalıdır.
«Ученый Секретарь» bizlərdə «Elmi Katib” deyə çevrilir, halbuki “ALIM KATIB” olmalıdır.
«Генеральный»-ı “baş”-deyə çevırırık (“baş katib”, “baş direktor”...). “GENEL” daha uğurludur.
«Юность»-a “gənclik” söyləyirik, əslində “YENIYETMƏLIK”-dir. Belə ki, “Gənc tamaşaçılar teatrı” yox, “YENIYETMƏ TAMAŞAÇILAR TEATRI” deyilməlidir.
“Poçt” yox, bütün sivil dünya kimi “POST” deyək.
Dilimizdə bə’zən bir neçə mə’nanın bir sözlə ifadə olunması çətinliklər törədir. «каникулы», «забастовка», «стачка» sözləri “tə’til”; «купчая» - qeydiyyat vərəqəsi, «прописка» - “qeydiyyat”; «должность», «обязанность» - “vəzifə” kimi çevrilir. «Обязанность» - un «MÜKƏLLƏFİYYƏT” kimi tərcüməsi artıq unudulmaqdadır.
«Разделяй и властвуй» - «parçala-hökm sür”, «лучше меньше, да лучше» - “az olsun, yaxşı olsun”, «полушутя-полусерьезно» - “yarızarafat, yarı gerçək” tərcumələri geniş yayılıb. Halbuki qafiyəli variantları daha uğurludur:”AYIR-BUYUR”, “AZ OLSUN, SAZ OLSUN” və “YARI HƏNƏK, YARI GERÇƏK”.
Hərbi terminlər barədə. “çavuş”, “gizir”, “taqım” kimi yeniliklər yaxşıdır. “Podpolkovnik”i “polkovnik-leytenant”la əvəzləmişik. Amma “polkovnik” də rus sözüdür axı. “Miralay”, “yarbay”, “albay”... deyimlərini niyə də daxil etməyək?
Ingilis dilində “please”, rus dilində “пожалуйста” olan anlam çox zaman dilimizə “zəhmət olmasa” deyə çevrilir: ”şofer, zəhmət olmasa, astanovkada saxla, düşüm.”
Birdən zəhmət oldu, onda necə, maşın dayanacağı ötüb keçməlidi? Eləcə də tele-ekranlarda tez-tez səslənən “əyləşin, zəhmət olmasa” (əyləşməyin nəyi zəhmətdi?), “mikrofonu verin, zəhmət olmasa” (verməyib nağayracaq ki?) deyimləri. Əslində bu anlayışın dilimizə korrekt tərcüməsı “LÜTFƏN”dir.
Qədim toponimlərimizi rusvari söyləyirik: “BADAMDAR”-a “Patamdart”, “ŞIX” a “Şıxov” deyirik.
Sovet dönəmində olduğu kimi dədəmizin adının sonuna “оглы», «кызы» əlavə eləyirik. Halbuki rus dilində “у”- da, «г»-da olduğundan bunlar “оглу», «гызы» şəklində olmalıdı
Müstəmləkəçilik adları rəsmi qaydada dəyişdirilsə də, el arasında “Razin”, “Serebrovski”, “Montin”, “Kirov”, “NZS” adları gen-bol işlənməkdədi.
“XAQANİ”-nin “Xəqani”, “FÜZULİ”-nin “Fizuli”, “MÜŞFİQ”-in “Müşviq”, “BÜLBÜL”-ün “Bül-bül” kimi işlənməsinə tez-tez rast gəlinir.
Almanın adına “qızıləhmədi” deyəndə söhbətın hansı Əhməddən getdiyi anlaşılmır. Əslindəsə “QIZILƏHMƏRİ”-di. Əhmər al-qırmızı rəngdir . Yeri gəlmişkən, “qızıl”-rəngdi, metalın adıysa “ALTUN”-du.
Ergenokon (Novruz) bayramında oxuyuruq:
Səməni, ay səməni,
İldə göyərdərəm səni.
Seyfəddin Dağlınin “Bahar oğlu” romanida axırıncı misra
İldə dördərərəm səni.
- kimi gedib. Beləcə gözəl-göyçək sözlərimizi itirə-itirə gedirik.
“Narkomaniyaya qarşı mübarızə”, “insan alverinə qarşı mübarizə”... tip birləşmələrdə “qarşı” sözü artıqdı: ”NARKOMANİYA İLƏ MÜBARIZƏ”, “İNSAN ALVERİYLƏ MÜBARİZƏ” və s.
“Kəsılməməzlik”, “çatışmamazlıq”...kimi ifadə olounan sözlərdə “mə/ma”-nın biri artıqdır: “KƏSİLMƏZLİK”, “ÇATIŞMAZLIQ” və s. Tez-tez eşitdiyimiz “sakitçilik”, “salamatçılıq” ...tipli sözlərdəsə “çi/çı” şəkilçisi izafidir.
Hərdən “snayperçi”, “kilerçi” kimi veilən sözlərdə “çi” artıqdır.
“Özünə intihar etdi” kimi deyim eşidirik. “Özünə” sözu artıqdır ( intiharı elə özünə eyləyirlər).
“At” ərəbcə cəm şəkilçisidi. Bizlərdə isə hərdən onun sonuna bir “lar” da ızafi artırırlar:”həşəratlar”, “xatiratlar”...Eləcə də indi geniş yayılan “mühasibatlıq” ifadəsi əslində “MÜHASİBAT” olmalıdır.
“Şen” “yer” anlamını verən, “Ərsak” kimi, “Sumbat” kimi əski türk deyimidir. “Şenlik” sözü indi də gen-bol işlədilir. Odur ki, “NORAŞEN”, “VARTAŞEN”, “QUTQAŞEN”in (“qut”-əski türkcədə “yaxşı” anlamındadır , “Qorqut”, “Turqut”un tərkib hissəsidir) adlarının xoflanıb dəyişdirilməsi əslində itkidir.
Təkallahlığın qısqanc tərəfdaşları olan türklərin samballı bir qismi islamdan öncə xristian olub. Murad Acı xaçın türk təfəkkürünün məhsulu olmasını sübut elədi. Odur ki, “XAÇBULAĞ”ı “Xoşbulaq” eləməyimiz öz tariximizin üstündən xətt çəkməkdir. Ustad aşıq demişkən
Həsənnənə, Həsənbaba qoşadı,
XAÇBULAQ yaylağı xoş tamaşadı,
Arsız aşıq sizsiz necə yaşadı,
Ölsün Ələskər tək qulların, dağlar!
Toponimlərimizdən söz düşəndə söyləyirlər ki, “Abşeron”-“ƏFŞARAN”, “Maştağa”-“MASKATA”, “Ağstafa”-“OĞUZTAYFA”, “Saatlı”-“SAKATLI”, “Yardımlı”-“ƏRDƏMLİ”-dən yaranıb və s. Bu gözəl adları niyə bərpa etməyək?
“Sabahınız xeyir” deyimindəki “sabah” “səhər çağı” anlamındadır. Növbəti günə də “sabah” deyirik. Sonuncu anlayışı niyə əski türk deyimi “yarın”la əvəzləməyək?
Həftə günlərinin adları bızdə bərbad vəziyyətdədir. “Çərşənbə axşamı”, “cümə axşamı”-nın səhəri yoxmu?
Eləcə də ay adları. Ilin 10-cu, 11-ci, 12-ci ayları oktyabr, noyabr, dekabrın adları latıncadan tərcümədə “səkkizinci”, “doqquzuncu”, “onuncu” deməkdi.
Niyə Türkiyəlilər kimi dekabra “ARALIQ”, aprelə “NISAN”... deməyək?
Inzibati ərazi bölgümüz rayonu “OYMAQ” adlandırsaq, necə olar?
Bə'zən qulağımızı deşən “fizikaçı”, “coğrafiyaçı”... kimi izafətlər əslində “FİZİK”, “COĞRAF”... şəklində olmalıdır.
Futbol ulduzu Ronaldonun adındakı “l” bərk “l”-dir. Bizlərdəsə onu “ь»-la ifadə eləyirlər.
Hava proqnozlarıının təqdimi zamanı işlənən “havanın temperaturu filan dərəcə isti olacaq” deyimi yanlışdır. “Havanın temperaturu filan dərəcə olacaq” və ya “müsbət filan dərəcə olacaq” işlənilməlidir.
Coğrafiyadan bəllidir ki, Yer kürəsi üzərində koordinatlar en və uzunluq dairələriylə təyin olunur. Qrinviçdən keçən meridian sıfır dərəcəli en dairəsidir. ANS TV-də gedən serialın adı isə “Sıfır dərəcəli N dairəsi” kimi tərcümə olunmuşdu. Yenə də həmin TV-də göstərilən “Рыжая” filmi “KÜRƏN QIZ” əvəzinə “Kürən” adıyla verilmişdi. «Допрос»- “DİNDİRİLMƏ”, «Мерзавец»-“MƏRDÜMƏZAR” deməkdir. Bu filmlərin adlarını bizdə səhvən “İstintaq” və “Yaramaz” kimi çevirirlər.
Alman dili mütəxəssisləri təsdiq edər ki, dahi alman şairinin ciddi-cəhdlə gah “Höte”, gah “Gete”, gah da “Qöte” kimi təqdim olunan soyadı məhz “GÖTE”-dır (Goethe).
Dilimizə qayğısızlığımız yüz illər botu ədəbi söz olmuş ifadələrimizin məna daralmasına, onları “türkün sözü” kimi utanc gətirən deyimlə işlətməyimizə aparır. “Ay qiz” –ın qısaldimiş forması olan, kitablara düşən “az” sözü ilə indi bir çox xanımlara muraciət eyləyəndə inciyirlər. .Ədəbi incilərimizdə gen-bol işlədilən “qayırmaq”, “basmaq”, “soxmaq”, “ kimi gözəl-göyçək sözlərimiz indi əsasən vulqar mənada işlədilir.
İş o yerə çatıb ki, yarı hənək, yarı gerçək “maşınqayıranlar”, “ cihazqayiranlar” deyimlərini “maşındüzəldənlər”, “cihazdüzənlər”-lə əvəzləmək təklifləri səsləndirilir.
“Düyməni basmaq” yerinə tez-tez “düyməni sıxmaq” işlədilir, halbuki basmaq –нажать,sıxmaqsa сжать-dır.
Şəhriyarın “Hərə şalın bir bacadan soxurdu” misrasını “Hərə şalın bir bacadan salırdı” dərəcəsində təhrif eyləyirlər.
Teleaparıcılar - hər iki Zaurun və Azər Axşamın kəraməti sayəsində göp-gözəl “çalmaq” sözümüz efirdən didərgin düşüb. Onu uğursuz “ifa etmək”lə əvəz eləyirlər. Onda, məsələn, ruslar da “брать» felini işlətməsinlər ki, həmin ağla gələn mənanı verir.
“Husband-wife”, «муж-жена» -nın dilimizdəki qarşılığı “ər-arvad”-ın mücərrəd “həyat yoldaşı” deyimi ilə əvəzlənməsi hansı zərurətdən doğub?
“Ər-arvad”ı bəyənməyiriksə, Türkiyəcədə olduğu kimi hər ikisini bir deyimlə - “eş” - əvəz də eyləyə bilərik.
Ya da “boşanmaq” sözünün “ayrılmaq”la əvəzləmişik.
Müraciət formaları barədə. Hamıya, yeri gəldi-gəlmədi “müəllim” deyilməsindən çox yazilib. Kişilərə “BƏY” deyə müraciət olunması ətalətlə yayılır. “Xanımlar və cənablar” kımi ugursuz ifadəni niyə “BƏYLƏR VƏ BAYANLAR”la əvəz etmirik? Əsrlər boyu dilimizdə işlədilmiş “XOCA”, “MİRZƏ”, “ƏFƏNDİ”, “BƏYİM”, “BİKƏ”... deyimlərisə, ümumiyyətlə, yada düşmür. Bir pəstah da tərkibində artıq müraciət forması olan adların deyilməsindədir. “Orduxan bəy” (xandırsa, “bəy”ə nə hacət?), “Hacıbəy müəllim”, “Qəmərxanım xanım”, “Xanımana xanım”... tip ifadələrin korrekt şəkli “ORDU XAN”, “HACI BƏY”, “QƏMƏR XANIM”, “XANIM ANA”-dır və s.
Qrammatik qaydalara görə “o” şəxs əvəzliyindən sonra isim, sifət, say gələrsə, vergül qoyulmalıdır. Ancaq əksər nəşrlərdə ya bütün nitq hissələri “o” şəxs əvəzliyindən vergüllə ayrılır, ya da ümumiyyətlə vergül qoyulmur.
Bəllidir ki, bir var ondan sonra vergül qoyulan “ki” bağlayıcısı, bir də var vergül qoyulmayan “ki” ədatı (“Mən ki səni sevmişəm əzəl”). Əksər nəşrlərdəsə “ki” ədatından sonra da vergül qoyulmaqdadır.
Gen-bol işlətdiyimiz “baxmayaraq ki”-nin dilimizdə sadəcə da/də bağlayıcısı ilə verməyin mümkünlüyünü görmürük. Elə cə də “hansı ki” deyiminin dilimizə heç bir aidiyyəti yoxdur.
Elektron və yazılı KİV-lərdə, məs., “İspaniyada keçirilən gənclərin yarışmasında...” tipli qeyri-səlis nümunələr baş alıb gedir. Doğrusu “Gənclərin İspaniyada keçirilən yarışmasında...”-dır..
Ərəb, fars dillərindən alınma sözlərdə uzun-qısa hecalar məsələsi sürətlə erroziyaya uğrayır ki, bu da dilimizin musiqililiyinə xələl gətirir. TV diktoru “Abu Dabi” deyib vurğunu ikinci “a”-ya vuranda anlamır ki, əslində bu hərfi uzadaraq “Əbu Dabi” deməlidi. Xumar xanım Qədimova “miyana gözlər” oxuyanda “miyana”(daha doğrusu, “miyanə”) sözündə bütün saitləri qısa ifadə eləyir, halbuki birinci “a”-nı uzatmalıdır. Dilimizin işlədilməsindəki bu nöqsan əvəzsiz mənəvi sərvətimizdən - əruz vəznindən getdikcə uzaqlaşmağımıza aparır. Yeniyrtmə nəsil, Ədəbiyyat və Əlyazmaları institutlarının əməkdaşlarının, Yazıçılar Birliyi üzvlərinin, xalq, əməkdar artistlərinin əksəriyyəti bu vəzndə şerləri oxuya bilmir. Əttökən meyxana-şoularda əruz, sanki hər misrada pozulur.
Dil yığcamlığı sevir və həmişə çoxtərkibli ifadələrdən qaçır. “DƏSTƏKLƏMƏK” sözü artıq dilimizdə oturuşub. “İştirak etmək” yerinə ara-sıra “QATILMAQ” eşidirik. Eləcə də “başa düşmək”, “təbrik etmək”, “təşəkkür edirəm”, “üzr istəyirəm”, “münsiflər heyəti”, “rəyasət heyəti”... əvəzinə “ANLAMAQ”, “QUTLAMAQ”, “MERSİ”, “PARDON”,”JÜRİ”, “PREZİDİUM”... deyək və yazaq.
Qulaq cırmaqlayan “öz müqəddəratını təyinetmə” əvəzinə sadəcə “özünütəyin” deyəyin.
Bir var sözün yazılması, bir də var deyilməsı. Bir sıra radio və televizion kanallarının diktorları, bə’zi müğənnilər bunun fərqinə varmır. Belə ki, “məndən”, “deyir”, “alqışlayır”, “güclü”, “keçdi”, “ulaq”, “ürək”, “səpmişəm”...kimi yazılan sözlər “MƏNNƏN”, “DİYİR”, “ALQIŞDIYIR”, “GÜCDÜ”, “KEŞDİ”, “ULAĞ”, “ÜRƏY”, “SƏPBİŞƏM”...kimi ifadə olunmalidır.
Çağdaş dövrümüzdə dilimizin toxunduğumuz və toxunmadığımız problemləri həddən artıqdır. Bu sahədə müzakirələr açmaq, ictimai və dövlət səviyyəsində tədbirlər görmək gərəkdir. Bu yanlıslıqların yaranma səbəbləri, məncə, sovet dövrundə dilimizin məqsədli şəkildə assimilyasiyaya məruz qoyulması idisə, sonrakı dövrdə təhsilimizin və elmimizin katastrofik sürətlə cırlaşmasıdır.
Hələlik sözümü Leninin on illər boyu yanlış olaraq “Oxumaq, oxumaq, yenə də oxumaq” - kimi çevrilən bəyanatının korrekt tərcüməsi ilə tamamlayım:
“ÖYRƏNMƏK, ÖYRƏNMƏK VƏ ÖYRƏNMƏK!”
Bəhram Basqallı
Qaynarinfo.Az