Xəbər lenti

DİM 7 imtahan keçirdi, 37 min nəfər iştirak etdi
Ölkə 14:38 19.04.2026

DİM 7 imtahan keçirdi, 37 min nəfər iştirak etdi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti imtahanlar keçirilib.

Qaynarinfo DİM-ə istinadla bu gün keçirilən imtahanların siyahısını təqdim edir:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi və Naxçıvan MR-də təşkil olunub.

İmtahanda 37338 nəfərin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Bu gün saat 15:30-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Aprelin 20-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.
--> -->