
Daxili İşlər Nazirliyi xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın həbs edilmiş ilahiyyatçı Tale Bağıruva qarşı ittihamlarda adının hallanmasına etirazına cavab verib.
Nazirlikdən Modern.az saytına bildirilib ki, bu, iki rəsmi qurumun yaydığı rəsmi mövqedir.
“Yayılmış məlumat tam rəsmidir və hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin davam etdirilir”.
DİN-dən onu da bildiriblər ki, zərurət yarandığı halda əlavə məlumat verilə bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu gün birgə məlumat yayaraq bildirib ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.
Elə həmin gün Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında iki nəfər Bəxtiyar Qurbanov və Röyal Əsgərov şübhəli şəxs qismində saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.
İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, ilahiyyatçı Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova isə həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda adının hallanmasına etiraz edib və deyib ki, o heç kimdən şikayət etməyib, onu bu məsələyə qatmasınlar.
Qaynar.info