Hüseynbala Səlimov
Qoca (Avropa) və yaxud Yeni Dünyadakı (ABŞ) uğurları dini reformasiya ilə əlaqələndirmək daha çox Maks Veberin adı ilə bağlansa da, əslində bu səpkidəki fikirləri zaman-zaman başqaları da səsləndiriblər.
Hətta Mirzə Fətəli Axundov "Kəmalüddövlə məktubları”nda aşkar təəssüf hissilə islamda belə bir hadisəinin olmamasından, bu yönümdə yalnız epizodk cəhdlərə təsadüf edildiyindən gileylənir.
Əlbəttə ki, bizim bu kiçik yazıda bu qədər böyük problemi çözmək fikrimiz yoxdur, məqsədimiz diqqəti Azərbaycandakı dini proseslərin bir sıra məqamlarına yönəltməkdir.
Məsələ bundadır ki, Gəncə olaylarına siyasi və yaxud geosiyasi aspektlərdən yanaşmaq cəhdləri daha çox nəzərə çarpsa da, bunun heç şübhəsiz, dinlə bağlı da məqamları var.
Məsələn, sual yaranır ki, ölkədə dinlə bağlı aparılan siyasətə korrektə etməyə ehtiyac var, yoxsa dövlətin bu səmtdəki kursunu davam etdirmək lazımdır?
Əvvəlcə deyək ki, Azərbaycanda etiqad azadlığı ilə bağlı heç bir problem yoxdur, hətta deyərdik ki, etiqad və vicdan azadlığı bütün digər hüquq və azadlıqlardan daha çox təmin olunubdur.
Əksər müsəlman ölkələrində də dini radikalların, necə deyər, at oynatması o demək deyil ki, etiqad azadlğı və dinlə bağlı hansısa ciddi problemlər yaşanır, səbəb budur ki, digər siyasi azadlıqlar daha az təmin olunub və bundan da dini radikallar geniş istifadə edirlər.
Amma bu, o demək deyil ki, dinlə bağlı görüləsi işlər, həll ediləsi problemlər, ümumiyyətlə, yoxdur. Yox, var və Azərbaycanda da son illərdə bu müstəvidə ciddi səylərin konturları görünürdü.
Məsələn, hüzür mərasimlərinin çərçivəyə salınması və yaxud dəfn prosesini müvafiq standartlara gətirmək cəhdləri ilk baxışda adi bir iş kimi görünsə də, əslində ciddi problemlərdir, çünki söhbət əsrlərlə kök salmış ənənələrdən gedir.
Qeyd etmək lazımdır ki, hüzür mərasimlərinin qısaldıması və ya israfçılığın qarşısının alınması tədricən tendensiya şəklini alır və insanların da əksəriyyəti buna dəstək verir. Amma narazı qalanlar da var və təbii ki, bunlar ilk növbədə ruhanilərin bir hissəsidir. Bu ildən başlayaraq ruhanilərin bir qisminə maaşlar vermək nəzərdə tutulsa da, etiraf etmək lazımdır ki, hüzür mərasimləri onların əsas gəlir yerlərindən biri idi. Ona görə də ruhanilərin bir hissəsi islahatlara müqavimət göstərir, imkan düşəndə yanlış təbliğat aparırlar.
Amma düşünürük ki, dövlət bu səmtdəki səylərini davam etdirməlidir, çünki burada qayda yaratmağa həqiqətən ehtiyac var: yaxınlarını itirmiş insanlar bilmirlər ki, itirdikiləri əzizlərinin dərdini çəksinlər, yoxsa hüzrə gələnləri necə yola salmaq haqqında düşünsünlər.
İlk növbədə də imkanlı adamların nümunə göstərməsinə böyük ehtiyac var. İnsanlar görəndə ki, filankəs çox dəbdəbəli mərasim təşkil etmək imkanı olsa da, bunu etmədi və bircə stəkan çayla kifayətləndi, onlar da belə edirlər. Əksinə olanda isə "Qoy, deməsinlər ki, filankəs ölüsünə qiymət vermir!” deyən yazıq insanlar böyük xərcə və borca düşürlər ki, təki camaat onları qınamasın və mərasimdən razı getsin.
İnanın, dünyanın heç yerində belə şey yoxdur. Adam iki şeyi biri – birinə qatmaq istəmir, amma heç yerdə bizim toylarda və yaslarda olan qədər israfçılıq yoxdur. Tutaq, toyu birtəhər başa düşdük –bəli, insanlar yeyib -içmək və şənlənmək istəyirlər. Fəqət, yaslara nə deyirsiniz? Allah eləməmiş, yoxsa bura da yeyib - içməyə gəlirik?
Ən maraqlısı budur ki, adi söhbətlərdə hamı bunları etiraf edir, gileylənir, amma heç kim nümunə olmaq istəmir. Ona görə də məsələnin inzibati qaydada çözümünə ehtiyac var.
Son vaxtlar hətta qəbirüstü abidələrin standartlaşdırılacağı haqda söhbətlər gəzirdi. Bu, da müsbət işdir. Bilirsiniz, insanları qəbirüstü abidərlər əbədiləşdirmir, el-obada, ölkədə qazandığı hörmət, dünyadakı əməlləri əbədiləşdirir. Başqa mənaya yozmayın, heç birimiz, məsələn, Eynşteyndən məşhur ola bilmərik, amma onun məzarı yoxdur!..
Bir daha deyirəm ki, bunu başqa yerə yozmayın. Babalarımız, nənələrimiz də deyərdi ki, yeddi qəbir üst-üstə düşməlidir. Aydındır ki, qəbirlər əbədi deyillər, necə ki, insan özü əbədi deyil, hamımız Kainatın zərrəciklərindən, nə vaxtsa ölüb getmiş ulduzların hissəciklərindən yaranmışıq və zərrəciklərə də çevrilib təkrarən Kainata qarışmalıyıq.
Ona görə də islahatları davam etdirməli, insanlarımızı maarifləndirməliyik. Həddən ziyadə təmtəraqlı hüzür mərasimlərində, dəbdəbəli qəbirüstü abidələrdə bir bütpərəstlik və ibtidailik əlamətləri də var. İndi isə 21-ci əsrdir.
Sovetin dağılmasının dini azadlıqlar üçün çox pozitiv nəticələri oldu - insanlarımız mənəvi - dini ehtiyaclarını təmin etmək imkanı qazandılar.
Amma müəyyən əyintilərsiz də keçinilmədi. Birincisi, əski sovet məkanına həm də mübahisəli təriqətlər və radkal dini-siyasi cərəyanlar yol tapdı.
İkincisi, dini tamam-kamal inkar edən bir rejimdən çıxmağımız dini ayinlərə və ümumiyyətlə, dini həyata tənqidi və yaxud kreativ yanaşmanı çətinləşdirdi, çünki insanlar bir qütbdən digərinə adlamağı daha çox sevirlər, mərkəzçi mövqe tutmağa çalışmırlar.
Halbuki tənqid və ya təftiş edilməli xeyli məqam var. Məsələn, dini həyatımız ifrat dərəcədə reqlamentləşdirilib və hətta titullaşdırılıbdır – dövlət institutları tərəfdən təzyiq olmasa da, cəmiyyətin özü tərəfindən hamını eyni qəlibə salmaq meylləri, mərasimçilik psixologiyası güclüdü.
Məsələn, başqa ölkələrdə də bizdəki kimi dini ierarxiya, ya titullaşma varmı? Digər ölkələrdə də seyyid, hacı, kərbaliyi, məşədi kimi titullara təsadüf olunurmu?
Bilmirik. Bildiyimiz budur ki, addım-addım getmək, insanla Tanrı arasındakı maneələri götürmək lazımdır. Cəmiyyətdə nə dindarların, nə də əks qütbün diktatı olmamalıdır, necə ki, beynəlxalq sənədlərdə yazılıbdır: istədiyi dinə etiqad etmək və yaxud etməmək hər bir insanın öz işi, vicdan məsələsidir.