Demokratik İslahatlar Partiyası (DİP) 29 yanvar 2025-ci il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb.
Seçkiləri ölkə üzrə DİP-in 499 müşahidəçisi izləyib və öz müşahidələri barədə yekun məlumatı partiyanın mərkəzi qərargahına təqdim ediblər.
Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Seçki prosesinin təşkili, toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması qanunvericiliyə uyğun şəkildə aparılıb. Namizədlərin təbliğat-təşviqat işlərini aparması üçün açıq və qapalı məkanlar ayrılıb, məhəllədaxili və evlərdə görüşlərin keçirilməsinə maneələr yaradılmayıb.
Səsvermə günündə seçki məntəqələrində hər kəsin gizli səsverməsi, seçicilərə öz iradəsini sərbəst şəkildə ifadə etməsi üçün normal şərait yaradılıb, səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik, xoşagəlməz insident müşahidə olunmayıb.
MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir.
29 yanvar seçkiləri şəffaf, təhlükəsiz və azad rəqabət şəraitində keçirilib
.
Şərhlər