İtən diplomlarla bağlı elanların verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Diplomların elanlarının "Azərbaycan müəllimi” qəzetində dərc olunması və buna görə diplomu itən şəxsdən 20 manat rüsumun alınması müəyyən narazılıqlara səbəb olub. İtən diplomların elanı başqa qəzetlərdə dərc edilə bilərmi? Ümumiyyətlə, diplomunu itirən şəxs bununla bağlı sosial şəbəkə hesabında məlumat verə bilərmi?
Qaynarinfo olaraq bu məsələni araşdırmağa çalışdıq.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, diplomu itən şəxs "Azərbaycan müəllimi” qəzetində elan verir:
"Sonra şəxs diplomunun itməsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə məlumat verir. Bundan sonra təhsil aldığı ali məktəbə ərizə ilə müraciət edərək diplomunun dublikatını əldə edir. Elanın "Azərbaycan müəllimi” qəzetində verilməsinə gəlincə, bu haqda qayda 15 il bundan öncə tənzimlənib. Bununla bağlı rüsum hardasa 15-20 manat arasındadır”.
Media eksperti Qulu Məhərrəmli isə itən diplomlarla bağlı elanların "Azərbaycan müəllimi” qəzetində verilməsinə normal baxdığını vurğulayıb:
""Azərbaycan müəllimi” təhsillə bağlı olan qəzetdir. Həm də diplom bəlli ali məktəblərlə bağlıdır. Yəni, bu qəzeti həmin sahənin adamları daha çox oxuyurlar. Burada bir məntiq və əsas var. Eləcə də dövlət tenderləri var, onlar da daha çox rəsmi qəzetlərə verilir. İkincisi də həmin qəzetin maliyyə ödənişi də çox deyil. Amma bunun tənzimləmək və vahid kordinasiya olunması üçün bir qəzetə verilməsi və uyğunu "Azərbaycan müəllimi”dir. Bu, doğru yanaşmadır və hesab edirəm ki, elanın həmin qəzetdə getməsi müsbət haldır. Bunun sosial şəbəkələrə heç bir aidiyyatı yoxdur. Sosial şəbəkə heç vaxt mötəbər deyil. Orada nəyin doğru, nəyin yalan olması bilinmir”.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na əsasən diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil müəssisəsinin rəhbərinə müraciət etməlidir:

"Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunmalıdır. Müəllim qəzetindəki elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən ali təhsil müəssisəsinin adı və diplomun verilmə tarixi göstərilir. Ali təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir. Amma bununla bitmir. Həmən şəxs polisə müraciət edib sənədin itməsi barədə məlumat verməli və bununla bağlı ərizə almalıdır. Ona görə bu elan "Azərbaycan müəllimi” qəzetində dərc olunur ki, bu qəzeti bütün təhsil müəssisələri məcburi olaraq alır. Və "Azərbaycan müəllimi” qəzeti hüquqi şəxsdir, onun qanunvericilik aktlarına istinad imkanı var. Digər qəzetlər isə kommersiya məqsədləri üçün və ya siyasi partiyaların orqanı olduğuna görə bu hüquqa malik deyillər. "Azərbaycan müəllimi” qəzeti təhsil sistemindəki vahid informasiya bazası rolunu oynayır və hüquqi məsuliyyət daşıyır”.
Bahar Rüstəmli
Şərhlər