Xəbər lenti

Direktor şagirdi məktəbdən qovub? (AÇIQLAMA)
Ölkə11:24 14.02.2019

Direktor şagirdi məktəbdən qovub? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.
Qaynarinfo orman.az-a istinadla xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdırdığını bildirir. Lakin valideyn oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayışının olduğunu deyib və övladının məktəbdən qovulmasını onun "fond pulu”, "mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.
Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.
Bakı şəhəri 153 nömrəli tam orta məktəbdən Qaynarinfo-ya verilmiş məlumatda isə qeyd olunur ki, valideynin ittihamları əsassızdır və şagird təhsilini davam etdirir:
"Videonu yayımlayan şəxs Hacıyev Səbuhi Mübariz oğlunun övladı 153 nömrəli tam orta məktəbin V sinfinin şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) birinci yarımil ərzində dərslərdə iştirak etməyib. Məktəb rəhbərliyi tərəfindən şagirdin təhsilə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülsə də, müsbət nəticə əldə olunmadığından şagirdin biliyi birinci yarımil üzrə qiymətləndirilməyib. 2019-cu ilin fevral ayının əvvələrində Səbuhi Hacıyev övladını Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbində təhsil alması ilə bağlı 28 yanvar 2019-cu il tarixli, 278 nömrəli arayışı məktəbə təqdim edib. 12 fevral 2019-cu il tarixdə şagirdin Yevlax rayonu R.Rzayev adına Qoyunbinəsi kənd orta məktəbinə yerdəyişməsinin rəsmiləşdirilməsi üçün atası Səbuhi Hacıyev məktəbə dəvət edilib, lakin o, fikrini dəyişdiyini və övladının 153 nömrəli tam orta məktəbdə təhsilinin davam etdirməsini istədiyini bildirib. Hazırda həmin şagird təhsilini 153 nömrəli tam orta məktəbdə davam etdirir.
Övladını dərsdən yayındırmış və sonda onun başqa məktəbə köçürülməsi üçün müraciət etmiş valideynin sosial şəbəkələrdə yayılmış videogörüntünü çəkməsi və əsassız fikirlər səsləndirməsi məktəbin pedaqoji kollektivi tərəfindən şiddətlə qınanılır".