Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 97c ünvanında yerləşən "Doktor Aygün" Tibb Mərkəzində yoxlama aparılıb.
Qaynarinfo-nun məlumatına görə, "Doktor Aygün" Tibb Mərkəzində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar (mikrobiloji, enfeksion) işlər üzrə fəaliyyətin olması faktı aşkarlanıb.
Nəticədə klinika rəhbəri barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb və işə məhkəmədə baxılıb.
Məhkəmədə MMC-nin nümayəndəsi Hümbət İsgəndərov Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsinin qanunsuz olduğunu deyib. Onun sözlərinə görə, mərkəz tərəfindən müvafiq qanunun tələbinə əsasən planlı yoxlama aparılmazdan öncə azı 5 gün qabaq bildiriş göndərilməli olduğu halda, buna əməl edilməyib: "Əgər vaxtında bildiriş göndərilsəydi, Mərkəz tərəfindən nəzərdə tutulan iradlar aradan qaldırılmış olardı. Bizim Tibb Mərkəzi lisenziyadan kənar fəaliyyətlə məşğul olmur. Qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edirik".
Məhkəmənin hökmü ilə "Doktor Aygün" Tibb Mərkəzi MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 6000 manat cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Doktor Aygün" Tibb Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ələsgərov Şahin Şıxı oğludur.
Aydın
Şərhlər